“Siqaret çəkən qadınlar kişilərə çatıb, ürək-damar...” – Professor xəbərdarlıq etdi
Dünyada və Azərbaycanda ürək-damar xəstəliklərinin kəskin şəkildə artması, getdikcə daha gənc yaşlarda müşahidə olunması və ölüm səbəbləri arasında ilk sıralarda yer alması səhiyyə mütəxəssislərini ciddi narahat edir. Bu xəstəliklər insanların sağlam və uzunömürlü yaşamasına mane olmaqla yanaşı, bir çox hallarda onların qocalıq yaşına çatmasına belə imkan vermir.
Bəs ürək-damar xəstəliklərinin kökündə nə dayanır?
Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla TodayPress TV-yə danışarkən orqanizmə daxil olan trans yağların və oturaq həyat tərzinin damarları vaxtından əvvəl sıradan çıxardığını vurğulayıb:
"Ümumiyyətlə, statistikaya görə, ürək-damar xəstəlikləri dünyada ölüm və xəstələnmənin əsas səbəbləri arasında öndə gedir. Bu xəstəliklərin yaranması insanların həyat tərzi, qidalanması, orqanizmə qəbul edilən kalori ilə sərf olunan enerji arasındakı balanssızlıq və digər amillərlə bağlıdır. Bilirsiniz ki, bu gün metabolik xəstəliklərin sayı artıb. Əslində, istifadə etdiyimiz yağların keyfiyyət göstəriciləri də getdikcə pisləşib. Trans yağların istifadəsi və digər amillər qanda xolesterinin və triqliseridlərin səviyyəsinin artmasına, nəticədə isə damarların vaxtından əvvəl kalsifikasiyasına, daralmasına və tıxanmasına səbəb ola bilər. Bu da ilk növbədə ürək-damar və beyin-damar xəstəliklərinin artmasına gətirib çıxarır"."
Professor müasir təbabətin inkişafına baxmayaraq xəstəliklərin statistikasının sürətlə artdığını və qadınlar arasında zərərli vərdişlərin çoxaldığını təəssüflə qeyd edib:
"Düzdür, bu sahədə xeyli inkişaf da var. Ürək və beyin damarlarının stentləşdirilməsi, protezləşdirilməsi və digər müasir müalicə üsulları xəstələrin ömrünün uzadılmasına və həyat keyfiyyətinin yaxşılaşdırılmasına imkan verir. Lakin bütün bu inkişaflara baxmayaraq, xəstəliklərin sayı da artmaqda davam edir. Artıq çəki, fiziki aktivliyin az olması və oturaq həyat tərzi orqanizmdə metabolik pozuntulara gətirib çıxarır. Mən düşünürəm ki, bu xəstəliklərdən qorunmağın əsas yollarından biri qida mədəniyyətinin formalaşdırılmasıdır. Daha az və sağlam qidalanmaq, daha çox hərəkət etmək vacibdir. Təbii ki, burada siqaretin və ekoloji amillərin də rolunu qeyd etmək lazımdır. Bu gün siqaret istifadəsi də ciddi problemdir. Təəssüf ki, qadınlar da bu məsələdə kişilərdən geri qalmırlar".
Həkim sonda COVID-19 pandemiyasının ardınca yaranan onkoloji və autoimmun xəstəliklər riskinə diqqət çəkib:
"Bir məsələni də qeyd etmək istəyirəm: ürək-damar xəstəliklərinin artmasında COVID-19 pandemiyasının mümkün təsiri də müzakirə olunur. Pandemiyadan sonrakı dövrdə ürək-damar xəstəlikləri ilə bağlı statistik göstəricilərdə artım müşahidə edilir. Artım yalnız ürək-damar xəstəliklərində deyil, onkoloji və autoimmun xəstəliklərin sayında da özünü göstərir. Təbii ki, burada birbaşa səbəb-nəticə əlaqəsinin olub-olmaması ilə bağlı ciddi elmi tədqiqatlar aparılır. Yəqin ki, müəyyən müddətdən sonra dünyanın aparıcı xəstəliklərlə mübarizə və profilaktika mərkəzləri bu məsələ ilə bağlı daha dəqiq elmi nəticələr və mövqelər ortaya qoyacaqlar", - deyə Adil Qeybulla qeyd edib.
Türkan İsgəndərli