Sevgidən yaranan xəstəlik - Necə qorunmaq olar?
Bir çox insan heyvanları sevir, onları əzizləyir, yemək verir. Xüsusilə də pişiklərlə oynamaq, onları qucaqlamaq bir çoxumuz üçün xoşdur. Lakin bəzən bu təmaslar ciddi sağlamlıq problemlərinə yol aça bilər. Pişiklərin təsadüfən cırmaqladığı zaman yaranan kiçik xəsarətlər vasitəsilə orqanizmə infeksiya keçə bilər.
Mövzu ilə bağlı infeksion xəstəliklər üzrə mütəxəssis Fərid Quliyev TodayPress TV-yə açıqlamasında bildirib ki, pişik cırmağı xəstəliyinə “Bartonella Henselae” adlı mikroorqanizm səbəb olur və bu infeksiya əsasən cırmaq yerinə yaxın limfa düyünlərinin iltihabı ilə müşayiət olunur:
“Pişiklə təmasdan sonra təxminən 7-14 gün ərzində cırmaq yerində papulyoz və ya vezikulyar səpkilər yaranır. Onlar zamanla yaraya çevrilir və bir-iki həftə ərzində yaxınlıqdakı limfa düyünləri, xüsusilə qoltuqaltı və körpücükaltı bölgələrdə böyüməyə başlayır. Eyni zamanda ümumi zəiflik, halsızlıq kimi şikayətlər müşahidə olunur”.
Fərid Quliyev vurğulayıb ki, diaqnostika seroloji qan təhlilləri və biopsiya ilə aparılır.
Belə ki, qanda “Bartonella Henselae”yə qarşı İmnoqlobinin "E" və "C" səviyyələrinə baxılır. Daha dəqiq diaqnoz üçün şişmiş limfa düyünündən biopsiya götürülür. Patoloji analizdə bu xəstəliyə xas qranulomatoz iltihab və mikroabseslər aşkarlanır.
"Müalicə xəstəliyin gedişindən asılı olaraq 5 gün ilə 1 ay arasında dəyişir. Yüngül hallarda antibiotik monoterapiyası kifayət edir. Daha ağır, sistemik simptomlarla müşayiət olunan hallarda isə bir neçə antibiotikdən ibarət kombinə terapiya tətbiq olunur. Əgər xəstə temperatur, halsızlıq, ürəkbulanma, qusma kimi şikayətlər yaşayırsa, bu artıq xəstəliyin sistemik xarakter aldığını göstərir və kompleks müalicə tələb olunur", – deyə həkim əlavə edib.
Mütəxəssis sonda qeyd edib ki, ev heyvanları ilə təmas zamanı ehtiyatlı olmaq vacibdir. Əgər pişiklə təmasdan sonra bir neçə həftə ərzində səpkilər, limfa düyünlərinin şişməsi və ümumi narahatlıq hiss olunarsa, mütləq infeksionist həkimə müraciət edilməlidir.
Türkan İsgəndərli
tag: Fərid Quliyev,Pişik,Heyvan,Cırmaq,Todaypress.tv,
