Saniyələr içində "yox olan" evlər: MİDA-ya etibar bitdi!

Sosial

03.12.2025 13:27

MİDA-nın son satışında alıcılar ciddi texniki problemlərlə üzləşiblər: serverlərin yüklənməsi səbəbindən bir çox istifadəçi sistemə daxil ola bilməyib, digərləri isə növbəti mərhələyə keçid zamanı xəta ilə qarşılaşıb. Bu barədə texnoloq Fərid Pərdəşünas "Facebook" hesabında məlumat verib. Onun sözlərinə görə, bu vəziyyət bərabər imkan prinsipinin pozulduğu barədə narazılıqları artırıb. Mütəxəssis prosesin daha ədalətli mexanizmlə — məsələn, canlı püşkatma ilə aparılmasını təklif edib. 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, bu problem artıq illərdir təkrarlanır və hər dəfə eyni şikayətlər gündəmə gəlir.


Onun sözlərinə görə, vətəndaşların narazılıqlarının əsas səbəbi şəffaflığın təmin edilməməsi və ictimai etimadın olmamasıdır.

“MİDA satışlarında insanları narahat edən məqamlar həddindən artıq çoxdur və bu məsələ artıq beşinci, hətta onuncu dəfədir gündəmə gəlir. Bu problemin ən real həlli cəmiyyətin etibar etdiyi şəxslərdən ibarət müstəqil komissiyanın yaradılmasıdır. Həmin komissiya satış mexanizminə birbaşa nəzarət etməlidir,” – deyə iqtisadçı vurğulayıb.

Ekspert qeyd edib ki, ictimai güvən yaradılmadığı müddətdə narazılıqlar davam edəcək.

“Hazırda inam yoxdur, güvən yoxdur. Hər dəfə eyni şikayətlər təkrar olunur. Ona görə də etibarlı şəxslərdən ibarət nəzarət qurumu satış prosesinə şəffaf nəzarət etməli və ictimaiyyətə dürüst məlumat verməlidir ki, bu məsələ artıq daimi narahatlıq mövzusu olmasın,” – deyə o əlavə edib.  

Jalə Rövşən

TodayPress TV

tag: MİDA,Ev,Güzəşt,Satış,Todaypress.tv,