Musiqinin uşaqlara təsiri açıqlandı
Sosial
13.07.2025 10:15
Musiqi ilə aktiv şəkildə məşğul olmaq uşaqlar və yeniyetmələrin psixi sağlamlığına və ümumi rifahına əhəmiyyətli təsir göstərir.
TodayPress TV xəbər verir ki, bu qənaətə Avstraliyanın Edith Cowan Universitetinin alimləri 30 elmi tədqiqatı təhlil etdikdən sonra gəliblər.
Nəticələr "Research Studies in Music Education" jurnalında dərc olunub.
Tədqiqatçılar vurğulayırlar ki, musiqiyə qulaq asmaqla kifayətlənmək əvəzinə, musiqi alətlərində ifa etmək, bəstələr yaratmaq və ansambllarda iştirak kimi aktiv məşğələlər daha güclü və davamlı müsbət nəticələr verir. Bu cür uşaqlarda özünəinam, emosional dayanıqlılıq və təhsil motivasiyası artır, sosial əlaqələr güclənir və icmaya məxsusluq hissi formalaşır.
Alimlər musiqi dərslərində təhlükəsiz və ruhlandırıcı mühitin yaradılmasını xüsusilə vacib sayırlar. Belə şərait uşaqlarda özünüifadə, dözümlülük və müsbət sosial münasibətlərin formalaşmasına kömək edir.
Müəlliflər məktəbləri musiqi fənninə yanaşmanı dəyişməyə çağırır. Onlara görə, musiqi yalnız əlavə dərs kimi deyil, bədən tərbiyəsi və sosial proqramlar qədər vacib inkişaf vasitəsi kimi qəbul edilməlidir..
Qiymət Mahir
tag: Musiqi ,Alim,Təhsil,Araşdırma,Todaypress.tv,