Arıqladıcı dərmanlar təhlükəlidir? – Dietoloqdan xəbərdarlıq

Sosial

22.10.2025 17:13

Cəmiyyətdə belə bir fikir formalaşıb ki, artıq çəkili insanlar gözəl görünmürlər. Buna görə də bir çoxları arıqlamaq üçün tez nəticə verən vasitələrə, xüsusilə də sosial şəbəkələrdə reklam olunan arıqladıcı dərmanlara və kokteyllərə üz tuturlar.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan həkim-dietoloq Ləman Süleymanova bildirib ki, piylənmə bu gün cəmiyyətin ən ciddi sağlamlıq problemlərindən biridir və onun səbəbləri müxtəlif ola bilər:

"Bəzən insanlar illərlə çəki yığır, sonra qəflətən bundan qurtulmaq istəyirlər. Təəssüf ki, sosial şəbəkələrdə həkim olmayan şəxslər dietoloq adı ilə səhifələr yaradır, insanları yalançı diet marafonlarına cəlb edirlər. Halbuki artıq çəkidən əziyyət çəkən şəxsə əvvəlcə psixoloji dəstək verilməli, analizlər aparılmalı və fərdi müalicə planı hazırlanmalıdır".

Dietoloq xəbərdarlıq edib ki, arıqladıcı kokteyllər və dərman vasitələri ciddi fəsadlara yol aça bilər:

"Bu vasitələr bədəndə xərçəng hüceyrələrini aktivləşdirə, immuniteti zəiflədə bilər. Hətta mənim pasiyentlərim arasında belə hallara rast gəlinib. Sağlam arıqlama yalnız mütəxəssis nəzarəti altında mümkündür. Həkim pasiyentlə söhbət aparmalı, stres, qidalanma vərdişləri, hormon pozğunluqları və digər amilləri araşdırmalıdır. Analizlər nəticəsində fərdi proqram tərtib olunur". 

Ləman Süleymanova qeyd edib ki, arıqladıcı dərmanlar müvəqqəti təsir göstərir, bədəndəki piyləri süni şəkildə azaldır, amma nəticədə ikiqat kökəlməyə səbəb olur.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ləman Süleymanova,Həkim-dietoloq,Arıqladıcı dərman,Təhlükə,Todaypress.tv,

photo