Payızda necə qidalanmalıyıq?

Sağlamlıq

23.09.2025 16:48

Payız fəslində sağlam qidalanma orqanizmin fəsil dəyişikliklərinə uyğunlaşması, immun sisteminin möhkəmləndirilməsi və enerji balansının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. 

Qida üzrə ekspert Seymur Qafarov payızda qidalanma ilə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, bu fəsildə qida rasionu vitamin və minerallarla zəngin olmalı, orqanizmə soyuq havalara qarşı müqavimət qazandırmalıdır:

"Mövsümi meyvə və tərəvəzlər sağlamlıq üçün mühüm rol oynayır. Nar, portağal, mandarin, kivi və alma "C" vitamini ilə zəngindir, immuniteti möhkəmləndirir və soyuqdəyməyə qarşı qoruyur. Balqabaq, yerkökü, kələmin tərkibində isə "A", "C", "K" vitaminləri ilə yanaşı dəmir və fol turşusu var".

Ekspert əlavə edib ki, quru çərəzlər də sağlamlıq üçün vacibdir. Bununla yanaşı, balıq və dəniz məhsulları "D" vitamini və "omeqa-3" ilə zəngindir, iltihab əleyhinə təsir göstərir. Toyuq, yumurta və süd məhsulları, o cümlədən qatıq və kefir probiotiklərlə bağırsaq sağlamlığını gücləndirir.

Bal, zəncəfil, sarımsaq, darçın və limon payızda xüsusilə faydalıdır. Onlar antibakterial və antiviral təsir göstərir, boğaz ağrılarını azaldır, viruslara qarşı qoruyur. "Fast-food", qazlı içkilər, tort və digər işlənmiş məhsullar immun sistemini zəiflədərək çəki artımına səbəb ola bilər. 

Seymur Qafarov sonda vurğulayıb ki, düzgün payız qidalanması bədənin vitamin-mineral balansını təmin etməklə yanaşı, qışa sağlam keçidi asanlaşdırır.

Qeyd edək ki, 22 sentyabr ölkəmizə payız fəsli daxil olub.

Türkan İsgəndərli

TodayPress TV

tag: Seymur Qafarov,Ekspert,Payız,Qidalanma,Todaypress.tv,

photo