Tədqiqat: Şizofreniya xəstələri cümlə qurmaqda çətinlik çəkirlər
Sağlamlıq
19.06.2025 18:10
Şizofreniya diaqnozu qoyulmuş şəxslər digər insanlara nisbətən qrammatik konstruksiyaları anlamaqda və qurmaqda ciddi çətinliklərlə üzləşirlər. Bu nəticəyə beynəlxalq tədqiqatçılar qrupu 3 minədək insanın iştirak etdiyi 45 elmi araşdırmanın təhlili nəticəsində gəlib.
TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "Schizophrenia Bulletin" (Schizophr Bull) elmi jurnalında dərc edilib.
Tədqiqat göstərib ki, şizofreniya həm nitqin anlaşılırlığını, həm də ifadə imkanlarını zəiflədir. Xəstələr mürəkkəb cümlələri anlamaqda və düşüncələrini ardıcıl, aydın şəkildə ifadə etməkdə çətinlik çəkirlər. Bu isə onların nitqində qarışıqlıq, qrammatik səhvlər və ünsiyyət çətinliklərinə səbəb olur.
Alimlər qeyd ediblər ki, bu pozuntuların dərəcəsi fərqli ola bilər – bəzi xəstələrdə qrammatik problemlər daha kəskin müşahidə edilir, bu isə müxtəlif nitq profillərinin mövcudluğuna işarə edir.
Tədqiqat müəllifləri vurğulayıblar ki, qrammatik çətinliklər cinsdən, yaşdan, xəstəliyin mərhələsindən və digər simptomlardan asılı olmayaraq özünü göstərir. Bu isə sintaksis pozuntularının şizofreniyanın əsas xüsusiyyətlərindən biri olduğunu və sadəcə ikinci dərəcəli simptom olmadığını göstərir.
Alimlər gələcəkdə bu qrammatik xüsusiyyətlərin şizofreniyanın erkən diaqnostikasında marker kimi istifadə edilə biləcəyini düşünürlər. Eyni zamanda sintaktik bacarıqların təlimlə inkişaf etdirilə bildiyini nəzərə alaraq, dil terapiyası və kognitiv təlimlərin xəstələrin gündəlik ünsiyyət və sosial uyğunlaşmasına yardımçı ola biləcəyi ehtimal edilir.
Töhfə Səməd
tag: Şizofreniya ,Diaqnoz,Cümlə,Qrammatik,todaypress.tv,