2-ci validator var, amma istifadə etmək üçün "nəzarətçi" lazımdır: Sürücü ilə sərnişini kim qarşı-qarşıya qoyur?

2-ci validator var, amma istifadə etmək üçün "nəzarətçi" lazımdır:  Sürücü ilə sərnişini kim qarşı-qarşıya qoyur?
10.09.2026 17:40 Sosial

Bakıda M2 nömrəli ekspres marşrut xəttində (m/s “İnşaatçılar” – “Nizami” – “28 May”) tətbiq olunan növbəti “yenilik” sərnişinlər və sürücülər arasında növbəti xaosun əsasını qoyub.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişin axınını sürətləndirmək və dayanacaqlarda vaxt itkisini azaltmaq məqsədilə M2 avtobuslarının orta qapılarına əlavə validatorlar quraşdırıb. Yəni sərnişin yalnız ön deyil, orta qapıdan da minib kartını oxuda bilər.

Lakin praktikada bu yeniliyin icrası zamanı problemlər yaşanır. 

TodayPress TV-nin əməkdaşının müşahidəsinə görə, səhər saatlarında “İnşaatçılar” stansiyasından yola düşən avtobusa “Nizami” stansiyasında orta qapıdan minən xanım sərnişin kartını oradakı validatora oxudub.

Ödənişin təsdiqini bildirən siqnal səslənsə də, sürücü sərnişindən ön qapıya yaxınlaşaraq kartını yenidən oradakı cihazda oxutmağı tələb edib. Sürücü bunu orta qapıya nəzarət edə bilmədiyi və orada nəzarət üçün başqa bir adamın olmalı olduğu ilə əsaslandırıb, beləliklə mübahisə yaranıb. 

Avtobusda ikinci validator varsa, sərnişinin də bundan istifadə etmək hüququ var. Hər avtobus kamera ilə təmin olunub. İnsanların ikinci validatordan istifadə etməsi üçün orada mütləq bir işçi dahamı olmalıdır? Bəs kameralar hara baxır? 

Məsələyə aydınlıq gətirmək üçün “BakuBus” MMC-yə sorğu ünvanladıq.

Cavabı olduğu kimi təqdim edirik:

“M2 nömrəli ekspres marşrut xəttində sərnişinlərin avtobusa minmə prosesinin sürətləndirilməsi, dayanacaqlarda gözləmə müddətinin minimuma endirilməsi və sərnişin axınının daha operativ idarə olunması məqsədilə avtobuslarda əlavə validatorlar quraşdırılaraq istifadəyə verilib. Bununla da sərnişinlərin ön qapı ilə yanaşı, orta qapıdan da ödəniş edərək avtobusa daxil olması təmin edilib.

Sərnişinlərin avtobusa minmə prosesinin yeni qaydada təşkili ilə bağlı M2 nömrəli marşrut xəttində fəaliyyət göstərən sürücülər əvvəlcədən məlumatlandırılıb və müvafiq təlimatlar onların diqqətinə çatdırılıb. Qeyd olunan hal nəzərə alınaraq, prosesin düzgün təşkili ilə bağlı müvafiq təlimatlar sürücülərin diqqətinə bir daha çatdırılacaq. Eyni zamanda, sərnişin axınının intensiv olduğu məntəqələrdə prosesin tənzimlənməsi və sərnişinlərin istiqamətləndirilməsi məqsədilə nəzarətçilər fəaliyyət göstərir.

Yeni sistemin səmərəli fəaliyyəti eyni zamanda sərnişinlərin məsuliyyətli yanaşmasını tələb edir. Sərnişinlərdən avtobusa daxil olarkən istifadə etdikləri qapıdan asılı olmayaraq gediş haqqını müvafiq validator vasitəsilə ödəmələri xahiş olunur”.

Bu açıqlamadan çıxardığımız nəticə nə oldu? 

Qurum bildirir ki, sürücülər təlimatlandırılıb, təlimatlandırılacaq və sərnişinlərdən “məsuliyyətli yanaşma” gözlənilir. 

“Orta qapıdakı validatordan istifadə üçün 1 işçi dahamı lazımdır?” sualımıza cavab ala bilmədik. 

Sürücünün sərnişinlə mübahisəyə çıxmaqda şəxsi marağı ola bilər? Deməli, ödəniş etmədən keçən sərnişinə görə sürücü cavabdeh saxlanılır. Orta qapını güzgüdən tam izləyə bilməyən, cərimələnmək və ya töhmət almaq qorxusu yaşayan sürücü də məcbur qalıb sərnişini ön qapıya qovur.

Belə...

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər