Yeni Baş nazir - Yuliya Sviridenko: Ukrayna üçün nə dəyişəcək?
Siyasət
18.07.2025 14:39
“Ukraynada yeni hökumətin formalaşması fonunda Yuliya Sviridenkonun Baş nazir vəzifəsinə gətirilməsi daha çox texniki və formal xarakter daşıyır”.
Politoloq Samir Hümbətov bunu TodayPress TV-yə danışarkən bildirib.
Onun sözlərinə görə, Sviridenko zəngin siyasi təcrübəyə və ciddi təsir gücünə malik fiqur deyil.
“Sviridenkonun siyasi fəaliyyəti əsasən Çerniqov vilayətinin administrasiyasındakı vəzifələrlə məhdudlaşıb və o, beynəlxalq aləmdə geniş tanınmış sima deyil. Bu səbəbdən, onun təyinatı Ukraynanın daxili və xarici siyasət kursunda əsaslı dəyişikliklərə səbəb olmayacaq”.
Analitikin fikrincə, bu addım Ukrayna prezidenti Volodimir Zelenskinin hakimiyyət strukturunu daha çevik idarəetməyə uyğunlaşdırmaq və özünə yaxın fiqurlar vasitəsilə siyasi mövqelərini möhkəmləndirmək niyyəti ilə əlaqəlidir.
O xatırladıb ki, ölkədə prezident seçkilərinin keçirilməsi müharibə səbəbilə təxirə salınıb və belə bir dövrdə Baş nazir postuna texniki və loyal fiqurun gətirilməsi Zelenskinin siyasi sabitliyi qorumağa yönəlmiş addımı kimi dəyərləndirilə bilər.
Qeyd edək ki, Ukrayna Ali Radası 39 yaşlı Yuliya Sviridenkonu Baş nazir təyin edib.
Töhfə Səməd
tag: Samir Hümbətov,Politoloq,Ukrayna,Baş nazir,Todaypress.tv,
