“Avroviziya” ilə bağlı feyk xəbərləri kim yayıb? – Bu qüvvələrin maraqları var imiş...
Təhlil
22.09.2025 17:45
Türkiyənin bəzi media subyektləri və sosial media hesablarında Azərbaycan dövləti adından “Avroviziya 2026”da İsrail yoxdursa, biz də yoxuq” başlıqlı xəbərlər paylaşılıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov bu barədə TodayPress TV-yə danışıb.
O bildirib ki, hazırda Azərbaycan çox mürəkkəb və ağır bir prosesdən keçir. Ölkəmiz həm region dövlətləri, həm də xaricdəki müəyyən dairələrin hədəfinə çevrilib:
“Azərbaycanın beynəlxalq əlaqələrinə qarşı müxtəlif istiqamətlərdə sistemli hücumlar müşahidə olunur. Ümumiyyətlə, dünyamız çox ağır və mürəkkəb bir prosesə daxil olur. Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq üçün cəhdlər edilir, Azərbaycan-İsrail əlaqələrinin zədələnməsi üçün təbliğat aparılır, Rusiya ilə münasibətləri gərginləşdirmək istəyən dairələr aktivlik göstərir, İranla əlaqələri pozmaq istiqamətində addımlar atılır”.
Parlamentari əlavə edib ki, bu proseslərdə həm Qərb dairələri, həm də bəzi müsəlman ölkələri iştirak edir. O bildirib ki, məqsəd Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinə zərbə vurmaqdır.
Deputat vurğulayıb ki, informasiya məkanında yayılan feyk xəbərlərin sayı günü-gündən artır:
“İnformasiya müharibəsi, sosial media müharibəsi gedir. Bu gün beyinlər uğrunda mübarizə aparılır. İran, Türkiyə, Rusiya, Amerika ilə bağlı saysız-hesabsız saxta məlumatlar dövriyyəyə buraxılır. Məqsəd ölkəmizin əlaqələrini korlamaqdır. Vəziyyət getdikcə daha da mürəkkəbləşə və böhranı dərinləşdirə bilər. Əks halda proseslərin idarə olunması çox çətin olacaq. Biz buna hazır olmalıyıq və geniş təbliğat, maarifləndirmə işləri aparılmalıdır”.
Ceyhun Məmmədov vətəndaşlara tövsiyə edib ki, yalnız rəsmi mənbələrdən yayılan məlumatlara istinad etsinlər:
“Cəmiyyət düzgün istiqamətləndirilməli, insanlara məlumatları rəsmi kanallardan almağın vacibliyi çatdırılmalıdır. Əks halda, dezinformasiyaların təsiri daha da güclənəcək”, - deyə millət vəkili fikrini sonlandırıb.
Qeyd edək ki, Türkiyənin Akit televiziyası və ən böyük sosial media kanallarından olan "Baho” Azərbaycanın "Avroviziya 2026"da İsrail yoxdursa, biz də yoxuq” xəbərini paylaşıb.
Türkan İsgəndərli
tag: Ceyhun Məmmədov,Deputat,Avroviziya,Feyk xəbər,Todaypress.tv,
