Türkiyənin Suriya siyasəti: “Təxribatçı qüvvələr bu reallığı anlamalıdır!” - POLİTOLOQ
Siyasət
13.08.2025 17:54
“Türkiyə Suriyadakı mövcud geosiyasi iddialarından geri çəkilməyəcək”.
Politoloq Mütəllim Rəhimli bunu Türkiyə xarici işlər naziri Hakan Fidanın Suriya ilə bağlı son açıqlamalarını TodayPress TV-yə şərh edərkən bildirib.
O vurğulayıb ki, Suriyada Bəşər Əsəd hakimiyyəti devrildikdən sonra ölkədə vətəndaş müharibəsinə son qoyuldu və sabitlik bərpa olunmağa başlanıldı.
Analitik hesab edir ki, Hakan Fidan bu açıqlamada birbaşa Suriyanın məhv olmasını istəyən beynəlxalq aktorları nəzərdə tutub. Onun ABŞ, Avropa İttifaqı (Aİ) və regional ölkələrlə apardığı təmaslar da bu gərginliyə sülh yolu ilə həll tapmaq istəyindən irəli gəlir. Əgər sülh prosesi uğursuz olarsa, Suriyanın özünümüdafiə hüququ, o cümlədən təxribatçılara qarşı tədbirlər həyata keçirməsi qaçılmazdır:
“Türkiyə Suriyadakı geosiyasi maraqlarından heç vaxt imtina etməyəcək. Regional təxribatçı qüvvələrin bu reallığı anlaması və Dəməşqlə bağlı qərarlarını təkrar qiymətləndirməsi lazımdır”, - deyə analitik fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransında Suriyada normallaşma prosesinə qarşı regiondakı bəzi aktorların təxribat törətdiyini, ABŞ, Avropa və region ölkələri ilə bu istiqamətdə fikir mübadiləsi apardıqlarını bildirib.
Aysel Mətləb
tag: Mütəllim Rəhimli,Politoloq,Türkiyə,Suriya,Todaypress.tv,
