“Moskva SSRİ-nin səhvlərini təkrar edir” - Ramiz Yunusdan SƏRT AÇIQLAMA

Təhlil

20.08.2025 10:33

“Azərbaycan və Ermənistanın barışığa doğru real addım atdığını və bu tarixi hadisənin başqa yerdə deyil, məhz Ağ Evdə, üstəlik ABŞ Prezidenti Donald Trampın iştirakı ilə baş verməsini nəzərə alsaq, o zaman rəsmi Kremlin “tavanı uçub” deyə bilərik”.

TodayPress TV xəbər verir ki, Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus bunu öz “Facebook” hesabında yazıb.

O, Kremlin reaksiyasını dəyərləndirib:

“Azərbaycana siyasi, iqtisadi və ya hərbi-texniki təzyiq göstərmək üçün real rıçaqları olmayan Kreml tərəfdarları media vasitələrini eyni anda hərəkətə gətirərək Rusiya informasiya məkanında ən sərt anti-Azərbaycan isteriyasını başlatdı. Ardınca isə Rusiyanın müxtəlif bölgələrində azərbaycanlı diaspor nümayəndələrinə qarşı sözün əsl mənasında “ov” kampaniyası start götürdü. Bununla eyni vaxtda Ukraynada Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) enerji infrastrukturuna təkrar bombardmanlar həyata keçirildi”.

Ramiz Yunus bu hadisələr fonunda Kremlin yanlış hesablamalarına toxunaraq bildirib: 

“Əgər Kreml elə düşünürsə ki, bu yolla Azərbaycanı, onun rəhbərliyini və bütövlükdə xalqını qorxutmaq mümkündür, deməli, onlar dərin səhv edirlər. Görünür, “rus torpaqlarının toplayıcıları” İkinci Qarabağ müharibəsinin dərslərini yaxşı mənimsəməyiblər və Azərbaycan cəmiyyətinin xarici təhdidlər qarşısında nümayiş etdirdiyi güclü birliyi hələ də lazımınca qiymətləndirmirlər. Elə buna görə də onlar üç il yarım əvvəl Ukrayna məsələsində buraxdıqları strateji səhvin eynisini təkrar edirlər".

Professor regionda yaranmış yeni reallığı da diqqətə çatdırıb:

“Moskvaya xoş gəldi, ya gəlmədi, Cənubi Qafqazda status-kvo artıq tam dəyişib və bölgənin lideri Azərbaycandır. Azərbaycanın arxasında isə Türkiyə, Pakistan və İsrail kimi güclü müttəfiqlər dayanır. Bu prosesi Kreml artıq dayandıra bilməz. Ermənistan Azərbaycanın şərtlərini qəbul edib və indi Zəngəzur dəhlizi Rusiya sərhədçilərinin deyil, ABŞ-nin nəzarətində olacaq. Təbii ki, bu, Kreml üçün asanlıqla həzm edilə biləcək bir məsələ deyil. Tezliklə Ermənistanla Türkiyə arasında da barışıq prosesi başlayacaq və yaxın vaxtlarda biz Ermənistan ərazisindəki, o cümlədən Gümrüdə yerləşən Rusiya hərbi bazasının və digər hərbi infrastrukturun sıxışdırılıb çıxarılmasının şahidi olacağıq”.

Azərbaycanın milli birliyini xüsusi vurğulayan siyasətçi bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən bu günə qədər cəmiyyətin bütün təbəqələrinin xarici düşmən qarşısında nümayiş etdirdiyi möhkəm birliyi ilə postsovet məkanında misilsiz nümunə ortaya qoyub. Kreml sakinlərinin artıq yeni regional reallığı aydın şəkildə anlamasının vaxtı çatıb.

R.Yunus, həmçinin Bakının mövqeyini diqqətə çatdırıb ki, Azərbaycan Rusiya ilə qarşıdurma axtarmır, lakin Kremlin sərgilədiyi sayğısız və təhdidedici davranışlara da səssiz qalmaq niyyətində deyil. Rəsmi Bakının bütün addımları güzgü effekti ilə cavablandırılacaq. Yəni nə qədər təzyiq olarsa, eyni səviyyədə cavab veriləcək.

Analitik, həmçinin Rusiyanın gələcək perspektivləri ilə bağlı ciddi xəbərdarlıq edib:

“Rusiya Ukrayna cəbhəsində getdikcə daha dərinə batır, sərhədlərinin demək olar ki, bütün istiqamətlərində mövqelərini itirir. Moskva yaxın tarixdən dərs çıxarmaq əvəzinə, eyni səhvləri təkrar edir, Sovet İttifaqının taleyini yaşamağa doğru gedir. Nəticədə Kreml yalnız Cənubi Qafqazda deyil, həm də Mərkəzi Asiyada geosiyasi dayaqlarını sürətlə itirəcək".

Professor sonda amerikalı filosof və yazıçı Corc Santayandan sitat gətirib:

“Keçmişi unudanlar onu təkrar yaşamağa məhkumdurlar”.

Qiymət Mahir

tag: Ramiz Yunus,Politoloq,Rusiya,Açıqlama,Todaypress.tv,