Zelenski ilə görüşün ardınca edilən zəng: Ankara-Moskva xəttində nə baş verir?
Təhlil
24.11.2025 16:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 24-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı planlaşdırıldığını açıqlayıb.
Yohannesburqda keçirilən G20 sammitindən sonra keçirilən mətbuat konfransında çıxış edən Türkiyə lideri Ukrayna Prezidenti Volodimir Zelenskinin bu yaxınlarda Ankaraya səfər etdiyini xatırladıb.

“Bu həftə Volodimir Zelenskini ölkəmizdə qəbul etdik və sabah Vladimir Putinlə söhbət edəcəyəm. Ukrayna ilə Rusiya arasında sülh üçün bütün addımları atmağa hazırıq və bu istiqamətdə səylərin səfərbər olunduğunu elan etmişik. Ümid edirəm ki, məqsədlərimizə çatacağıq”, - deyən Türkiyə Prezidenti Kiyevlə Moskva arasında İstanbul sülh prosesinin bərpasının vacibliyini vurğulayıb.
Maraqlıdır, Ərdoğanın Zelenski ilə görüşündən sonra Putinlə telefon danışığı nə vəd edir?
Məsələ ilə TodayPress TV-yə danışan Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımovun sözlərinə görə, Ərdoğanın Rusiya–Ukrayna müharibəsinin ən kritik mərhələlərində vasitəçilik etdiyi məlumdur:

"Bu yolla o, iki müharibə edən ölkə arasında müəyyən uğurlar əldə edib. Hətta münaqişənin ilk günlərində tərəflərin sülhə yaxınlaşdığı bildirilirdi. Sadəcə, həmin vaxt Böyük Britaniyanın Baş naziri Boris Consonun buna mane olduğu iddia olunurdu. Taxıl dəhlizinin açılması və əsirlərin dəyişdirilməsi də Ərdoğanın diplomatik nailiyyətləri sırasında yer alır. Bununla belə Ankara prinsipial mövqeyindən geri çəkilməyib. Türkiyə hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və Krımın məhz Ukraynanın ayrılmaz hissəsi olduğunu bəyan edib. Hazırkı mərhələdə Ərdoğanın Zelenski ilə görüşü həm Ukraynanın yanında olduğunu göstərir, həm də Rusiyaya ünvanlanmış siyasi siqnal kimi çıxış edir. Putinlə planlaşdırılan telefon danışığı da bu kontekstdə dəyərləndirilə bilər".
Ekspertin qənaətincə, Rusiya Türkiyənin razılığı olmadan Ukraynanı heç bir qərara məcbur edə biləcək durumda deyil:

"Ankaranın əlində Moskva üçün ciddi təsir rıçaqları mövcuddur. Məsələn, Qara dənizə giriş boğazlardan keçidlə bağlıdır və bu, tamamilə Türkiyənin nəzarətindədir. Rusiya Azov dənizi vasitəsilə alternativ marşrut yaratmağa çalışsa da, Qara dənizdən Aralıq dənizinə çıxış yalnız Türkiyənin monopoliyasındadır. Üstəlik, Rusiyanın Cənub Axını 1 və 2 kimi əsas işlək qaz tranzit xətləri də Türkiyədən keçir".
Azər Qasımov sonda əlavə edib ki, bu şərtlər fonunda Putin üçün Ərdoğanın razılığını almaq həyati əhəmiyyət daşıyır. Siyasətçi hesab edir ki, Ərdoğan Ukraynanın qeyri-şərəfli bir sülhə məcbur edilməsinin qarşısını almaq üçün bütün imkanlarından istifadə edəcək.
Qiymət Mahir
tag: Azər Qasımov,Politoloq,Ərdoğan,Zelenski,Todaypress.tv,
