“Ox yaydan çıxıb” : Rusiyanın Cənubi Qafqazdakı fiaskosu

Siyasət

30.05.2025 12:52

“Ukrayna bataqlığında çabalayan Rusiyanın Cənubi Qafqaza təsir mexanizmləri zəifləməyə başlayıb”.

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə danışarkən deyib.

Onun sözlərinə görə, Rusiyanın Cənubi Qafqazı itirmək üzrə olduğunu Kremldə də yaxşı anlayırlar:

“Son vaxtlar Kreml bu problemi aradan qaldırmaq üçün müəyyən addımlar atmağa başlayıb. Xüsusilə də Ukrayna savaşı ətrafında yaranmış qəliz situasiyanı öz xeyrinə dəyişdiyini düşünən Kreml əlindən gələni edir ki, nəhayət, təsir mexanizmləri zəifləyən regionlarda da öz mövqelərini yenidən bərpa edə bilsin. İlk hədəf olaraq təbii ki, Rusiyaya arxa çevirərək Qərbə qaçmağa çalışan Ermənistan oldu və hazırda Rusiyanın həm siyasi dairələri, həm də kəşfiyyat servisləri Ermənistan üzərində xüsusi əməliyyat aparmağa başlayıblar. Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətinin Qərbdən gözlədiyi dəstək ümidləri doğrulmadığı üçün Rusiyanın əli-qolu daha da açılmağa başlayıb”. 

E. Xalidbəyli bildirib ki, Paşinyan hakimiyyəti Qərbdən yetərli səviyyədə dəstək ala bilmədiyi üçün yenidən Rusiya ilə münasibətləri normallaşdırmaq qərarına gəlmiş kimi görünür:

“Bu səbəbdən Rusiyaya müəyyən pozitiv mesajlar verir. Bundan da istifadə edən Rusiya siyasi dairələri və kəşfiyyat orqanları Ermənistan ərazisində öz fəaliyyətini daha da genişləndirib. Xüsusilə də son vaxtlar Rusiya kəşfiyyat orqanlarının Ermənistanda separatçıları, yəni “Qarabağ klanı”na daxil olan separatçı terrorçu düşərgəni aktivləşdirməsi, açıq aşkar müşahidə olunur. Hətta Rusiya siyasi dairələrindən Ermənistana qondarma qurumun strukturlarını ləğv etməmək, onlara fəaliyyət imkanları açmaq tələbi irəli sürülüb və Paşinyan hakimiyyəti hələlik bu məsələdə müşahidəçi qismində çıxış etməyə məcbur qalıb. Halbuki Paşinyan hakimiyyətinin təmsilçiləri Ermənistanda ikinci dövlət orqanlarının olmayacağını bəyan etmişdilər. Yəni Ermənistanda vəziyyət kifayət qədər qarışıqdır və Rusiya ora təsirini nisbətən artırmağa başlayıb”. 

Siyasətçi bildirib ki, Rusiya üçün əsas problem Azərbaycanın tam şəkildə müstəqil siyasət kursu yürütməsidir:

“Azərbaycan Rusiyadan qətiyyən asılı bir dövlət deyil. Azərbaycanın strateji müttəfiqi olan Türkiyə NATO-nun aparıcı avanqard ölkəsidir. Bu baxımdan Rusiyanın müstəqil və güclü, eyni zamanda nüfuzlu müttəfiqləri olan Azərbaycana təsir imkanları demək olar ki, qalmayıb. Eyni zamanda, Azərbaycanda Rusiyanın hərbi kontingenti də mövcud deyil. Ən əsası isə Azərbaycan Rusiyadan iqtisadi cəhətdən qətiyyən asılı deyil. Digər tərəfdən, rəsmi Bakı inkişaf perspektivlərini nəzərə alaraq, yalnız Avropa Birliyi ilə enerji təhlükəsizliyi üzrə strateji tərəfdaş olmaqla kifayətlənmir, eyni zamanda dünyanın digər nüfuzlu dövlətləri və qurumları ilə də yaxından əməkdaşlıq etməyə çalışır. Buna Çin, eyni zamanda Pakistanla olan strateji müttəfiqliyini də aid etmək olar. Məhz bu faktor da Rusiyanın Cənubi Qafqazda yaxın gələcəkdə və yaxud da orta perspektivdə yenidən əvvəlki hegemon mövqelərini qaytarmaq şanslarını böyük şübhə altına salır”.

Qeyd edək ki, ABŞ Müdafiə Kəşfiyyat Agentliyi (DİA) Ermənistanın da daxil olduğu 2025-ci il üçün Qlobal Təhlükəsizlik Mühitinin Qiymətləndirilməsini açıqlayıb. Hesabatda qeyd olunur ki, ötən il Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla hədələdiyi üçün Rusiya ilə Ermənistan arasında münasibətlər pisləşib. Həmçinin qeyd edilib ki, Rusiya Gürcüstanı öz təsir dairəsinə qaytarmaq istəyir.

Qiymət Mahir

tag: Elçin Xalidbəyli,Politoloq,Rusiya ,Cənubi Qafqaz,Todaypress.tv,

photo