NATO sammitinə sayılı günlər: Ukraynaya hərbi yardım dayandırılacaq?

Siyasət

04.06.2025 15:08

“NATO ölkələrinin liderlərinin iyunun 24-25-də Haaqada keçiriləcək sammitdə Ukraynaya hərbi dəstək barədə birgə bəyanat qəbul etməyəcəyi xəbəri beynəlxalq siyasi dairələrdə ciddi narahatlıq doğurur. Bu, təkcə Ukrayna üçün deyil, bütövlükdə Avropanın təhlükəsizlik arxitekturası üçün də əhəmiyyətli nəticələrə gətirib çıxara bilər”.

Politoloq Tural İsmayılov bunu TodayPress TV-ə danışarkən deyib.

O, bu addımın Ukrayna ordusunun döyüş qabiliyyətinə birbaşa və kəskin zərbə olacağını düşünür:   

“Kiyev böyük ölçüdə Qərbdən gələn hərbi yardımdan asılıdır və bu dəstəyin dayandırılması cəbhədəki mövqelərinin zəifləməsinə gətirib çıxaracaq. Ukrayna Silahlı Qüvvələri müasir texnologiyalar, sursat və ehtiyat hissələr baxımından ciddi çətinliklərlə üzləşəcək. Bu, Rusiyanın hərbi üstünlüyünü daha da möhkəmləndirəcək və Moskva öz hərbi əməliyyatlarını daha intensiv şəkildə davam etdirə biləcək. Kreml Qərbin qətiyyətsizliyini zəiflik əlaməti kimi qiymətləndirərək Ukraynaya qarşı təzyiqlərini artıracaq. Ukrayna ərazilərinin daha geniş hissəsinin Rusiyanın nəzarətinə keçməsi riski artacaq, müdafiə qabiliyyəti zəifləmiş Ukrayna ordusu böyük əraziləri müdafiə etməkdə çətinlik çəkəcək”.

Ekspert, həmçinin qərarın beynəlxalq hüquqa və ərazi bütövlüyü prinsiplərinə inamı sarsıdacağını bildirib:

“Bu, digər potensial aqressorlar üçün təcavüzkar siyasətlərini davam etdirmək üçün bir siqnal ola bilər. NATO-nun özünün etibarlılığı və birliyi şübhə altına alınacaq, birgə hərbi bəyanatın qəbul edilməməsi ittifaq daxilində fikir ayrılıqlarının və siyasi çəkişmələrin olduğunu göstərəcək. Bu, NATO-nun strateji çəkindirmə gücünə mənfi təsir edəcək. Avropada qaçqın axını daha da güclənəcək, Ukraynanın daha çox ərazisi işğal edildikcə milyonlarla insan öz evlərini tərk etmək məcburiyyətində qalacaq ki, bu da Avropa ölkələri üzərində böyük bir humanitar və sosial yük yaradacaq”.

T. İsmayılov Avropa İttifaqı daxilində siyasi sabitliyin pozulacağını da istisna etməyib:

“Hərbi dəstəyin dayandırılması ilə bağlı qərar bəzi üzv dövlətlərdə daxili siyasi gərginliyə və etirazlara səbəb ola bilər. Çin kimi böyük qüvvələr üçün bu, Qərbin zəifləməsinin və beynəlxalq arenada öz təsirlərini genişləndirmənin bir fürsəti olacaq. Rusiyaya dəstək verən digər ölkələr də mövqelərini sərtləşdirə bilərlər. Qlobal enerji bazarlarında yeni dalğalanmalar yarana bilər. Rusiyanın təsir dairəsinin genişlənməsi enerji təchizatı marşrutlarına və qiymətlərinə birbaşa təsir göstərə bilər”. 

Analitik vurğulayıb ki, NATO-nun birgə bəyanatdan imtina etməsi Avropa ölkələrini öz müdafiə xərclərini artırmağa və daha müstəqil təhlükəsizlik siyasəti yürütməyə vadar edə bilər. 

Qeyd edək ki, KİV-də yayılan məlumatlara görə, NATO ölkələrinin liderləri iyunun 24–25-də Haaqada keçiriləcək sammitdə Ukraynaya hərbi dəstək barədə birgə bəyanat qəbul etməyəcək. 

Qiymət Mahir

tag: Tural İsmayılov,Politoloq,Ukrayna ,Haaqa,Todaypress.tv,

photo