Millət vəkili: "Qərbi Azərbaycana qayıdışa tam hazırıq"
Siyasət
05.12.2025 16:33
"İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq". Prezident İlham Əliyev bunu "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusunda III beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.
Bəs dövlət səviyyəsində həmin qayıdışı təmin edəcək hüquqi, təhlükəsizlik və praktiki mexanizmlər hansı mərhələdədir?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycan prosesə ciddi hazırlaşır:
"Əslində, cənab Prezidentin son müraciəti göstərir ki, Azərbaycan bu istiqamətdə proseslərə çox ciddi şəkildə hazırlaşır. Bunun üçün həm beynəlxalq, həm də hüquqi müstəvidə mühüm addımlar atılır və dövlətimiz bu prosesin reallaşması üçün zəruri tədbirləri sistemli şəkildə həyata keçirir".
Parlamentari vurğulayıb ki, Azərbaycan hazırlıqları sistemli şəkildə aparır:
"Bu gün Azərbaycan hüquqi əsaslarda bütün beynəlxalq platformalarda məsələnin qaldırılmasını təmin edir, Ermənistan qarşısında onun həlli üçün ardıcıl addımlar atır. Təhlükəsizlik və praktik mexanizmlərin hazırlanması, təhlükəsiz qayıdış üçün əsas infrastrukturun formalaşdırılması istiqamətində əhəmiyyətli işlər görülür. Yəni, həm beynəlxalq müstəvidə proses aktivdir, həm də daxildə siyahıların hazırlanması və dialoqun davam etdirilməsi istiqamətində fəaliyyət aparılır. Cənab Prezident dəfələrlə bu məsələni xüsusi vurğulayıb".
Deputat, həmçinin qeyd edib ki, eyni zamanda, Qərbi Azərbaycan İcması da Ermənistan rəhbərliyinə dəfələrlə müraciət edərək prosesə hazır olmağın vacibliyini, danışıqların başlanmasının zəruriliyini qeyd edib.
C. Məmmədov sonda bildirib ki, bütün bunlar göstərir ki, Azərbaycan bu prosesə tam hazırdır, atdığı addımları ardıcıllıqla davam etdirir və gələcəkdə də bu kursu davam etdirməkdə qərarlıdır.
Jalə Rövşən
tag: Ceyhun Məmmədov,Deputat,Qərbi Azərbaycan,Qayıdış,Todaypress.tv,
