İranın "nüvə" qədər güclü silahı: Kimlər təhlükədədir?
Siyasət
13.03.2026 21:00
Hörmüz boğazında nə baş verirsə versin, enerji bazarları artıq birdəfəlik dəyişdirilib. Bu barədə "The Economics"də məqalə dərc olunub.

Maraqlıdır, burada itirən hansı ölkələr olacaq?
Sözügedən məsələni siyasi analitik Aydın Tağıyev TodayPress TV-yə şərh edib.
O, bildirib ki, Hörmüz boğazı strateji baxımdan son dərəcə önəmli bir nöqtədir və hazırda dünya neftinin təxminən 20%-i Hörmüz boğazından keçir. Bu da onu qlobal enerji ticarətinin ən həssas nöqtələrindən birinə çevirir. Bu dar dəhliz bağlandıqda təsir yalnız regional səviyyədə deyil, qlobal miqyasda enerji qiymətlərinə və siyasi balanslara da sirayət edir.

"Hazırda Asiya nəhəngləri – Çin, Yaponiya, Hindistan və Cənubi Koreya – Körfəz neftinə yüksək bağlılıqları səbəbindən istehsal xərclərinin artması və iqtisadi artımın ləngiməsi kimi ciddi problemlərlə üzləşirlər. Bu ölkələr enerji idxalında həssas vəziyyətə düşür və ciddi itkilər yaşayırlar", - ekspert qeyd edib.
Analitik həmçinin vurğulayıb ki, Avropa İttifaqı ölkələrinə enerji idxalının böyük hissəsi Yaxın Şərqdən həyata keçirilir. Mövcud mühit səbəbindən Hörmüz böhranı inflyasiyanı yüksəldir və sənaye rəqabət qabiliyyətini zəiflədir.

Körfəz ölkələrinə isə təsir daha ağırdır. Əsas neft istehsalçıları olan İraq, Səudiyyə Ərəbistanı və Küveytdə baş verən hadisələr ixracatın azalmasına və büdcə gəlirlərinin kəskin düşməsinə səbəb olur. Xüsusilə İraq bu baxımdan həssasdır, çünki ixracatının böyük hissəsi bu dəhlizdən keçir.
Onun qənaətincə, Bəzi ölkələr isə alternativ marşrutlara sahib olduqları üçün vəziyyətdən faydalanır. Məsələn, BƏƏ və Səudiyyə Ərəbistanı daxili boru kəmərləri vasitəsilə Hörmüzdən yan keçə bilirlər ki, bu da onlara strateji üstünlük verir.
Digər tərəfdən, qaz ixracatçıları – Qətər və Azərbaycan – neft böhranı fonunda qaza olan tələbatın artmasından faydalanır. Bu, onlara yeni bazar imkanları yaradır. Azərbaycanın Cənub Qaz Dəhlizi artıq Avropanın enerji xəritəsində mühüm rol oynamağa başlayır.

Aydın Tağıyev vurğulayıb ki, hadisələr Hörmüz böhranını enerji təhlükəsizliyində geosiyasi mübarizənin mərkəzinə çevirir. İranın boğaz üzərindəki nəzarəti ona strateji təzyiq aləti verir, Qərb ölkələri isə təhlükəsizlik marşrutlarını diversifikasiya etməyə məcbur olur.
"Bu böhran enerji diplomatiyasını daha da ön plana çıxarır: hazırkı dünyada enerji artıq yalnız iqtisadi məsələ deyil, siyasi güc balansının əsas elementidir", - analitik fikrini sonlandırıb.
Jalə Rövşən
tag: İran, ABŞ, Nüvə, Aydın Tağıyev, todaypress.tv,
