Tehranın Bakıya ehtiyacı var... - ŞƏRH

Təhlil

09.12.2025 12:26

Dekabrın 8-də Bakıda səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla mətbuat konfrasında Prezident İlham Əliyevin Tehrana səfərini səbirsizliklə gözlədiklərini söyləyib. 

Maraqlıdır, Tehran İlham Əliyevin səfərinə niyə bu qədər önəm verir? Bakı bu çağırışa necə cavab verə bilər? 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Kənan Novruzov bildirib ki, İran–Azərbaycan münasibətlərində müsbət dinamika var və səfərlər bu prosesi gücləndirir: 


"Ümumilikdə hazırda İran–Azərbaycan münasibətlərində iki səviyyəli yeni dinamika müşahidə olunur. Müsbət dinamika formalaşıb və onun davamlılığını təmin etmək üçün qarşılıqlı səfərlər xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan İranın Azərbaycan Prezidenti İlham Əliyevin səfərini səbirsizliklə gözləməsi təsadüfi deyil və bu prosesin diqqətlə müşayiət edilməsi vacibdir".

Ekspert qeyd edib ki, Azərbaycan hər halda balanslı mövqe saxlayır:

"Təbii ki, tərəflərin müzakirə edəcəyi mövzular kifayət qədər genişdir. Bunların başında regional məsələlər, qonşuluq münasibətləri dayanır. Eyni zamanda müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən İslam Həmrəyliyi Təşkilatı çərçivəsində əməkdaşlıq, Rusiya–Ukrayna müharibəsi ilə bağlı mövqelərin müzakirəsi, Yaxın Şərqdəki vəziyyət, eləcə də İran–İsrail təhlükəsizlik məsələləri gündəmdədir. Azərbaycan bu proseslərdə balanslı siyasət yürüdə bilən dövlətdir. Çünki rəsmi Bakının həm İranla, həm də İsraillə normal münasibətləri mövcuddur".

Onun sözlərinə görə, bu baxımdan İran çalışır ki, Azərbaycanın mövqeyi daha çox onun maraqlarına uyğun olsun. Məhz buna görə rəsmi Tehran səfərlərə və təmaslara xüsusi önəm verir.

K.Novruzov sonda əlavə edib ki, İran Azərbaycanın dəstəyinə ehtiyac duyur: 

"Eyni zamanda nəzərə almaq lazımdır ki, perspektivdə İsrailin İrana mümkün hərbi zərbəsi istisna edilmir. Belə bir vəziyyət yaranarsa, rəsmi Bakının mövqeyi necə olacaq, Azərbaycan hansı addımları ata bilər, İsraillə münasibətlər daha da gücləndirilə bilərmi – bütün bu suallar gündəmdə qalmaqdadır. Məhz buna görə də İran hazırda Azərbaycana xüsusi ehtiyac hiss edir".

Jalə Rövşən

TodayPress TV

tag: Kənan Novruzov,Siyasi şərhçi,Tehran,Bakı,Todaypress.tv,