Fransa çöküşə doğru gedir: "Məsuliyyət Makronundur!"
Siyasət
08.09.2025 14:44
"Emmanuel Makronun Fransada hakimiyyətə gəlməsi ölkənin iqtisadi cəhətdən iflasa sürükləməsi ilə nəticələndi və bu, cəmiyyətdə məyusluq hissi yaratdı".
Politoloq Natiq Miri bunu TodayPress TV-yə açıqlamasında deyib.
O qeyd edib ki, Fransa dövlətinin hazırda bir trilyon avrodan çox borcu var və ölkənin iqtisadiyyatı, o cümlədən sənayesi sürətlə çöküşə doğru gedir. Digər tərəfdən, Fransanın geosiyasəti də bütün regionlarda uğursuzluğa düçar olub. İstər Avrasiya, istər Yaxın Şərq, Aralıq dənizi, Suriya, istərsə də Cənubi Qafqazda Fransa geosiyasi uğursuzluqlarla üzləşib. Qlobal səviyyədə Makron Fransası heç bir regionda zərrə qədər də olsa uğur qazana bilməyib.
"Makronun hakimiyyəti dönəmində Fransa ciddi şəkildə nüfuzdan düşüb. Dəfələrlə şahid olmuşuq ki, Fransa prezidenti Rusiya lideri Vladimir Putin tərəfindən istər birbaşa görüşlərdə, istərsə də telefon danışıqlarında təhqir və alçaldılmaya məruz qalıb. Bu uğursuzluqlar təkcə qlobal qeyri-müəyyənlik və qarşıdurmaların nəticəsi deyil, həm də Makronun qeyri-stabil, daha çox fantaziyalara söykənən addımlarının göstəricisidir. Paralel olaraq, məhz onun prezidentliyi dövründə Fransada insan hüquqları və demokratiya ayaqlar altındadır", - deyə ekspert bildirib.
Siyasətçi, həmçinin əlavə edib ki, Fransa cəmiyyətində Makrona qarşı inamsızlıq təkcə bu səbəblərdən yaranmayıb:
"Bu, onun uzunmüddətli prezidentlik dönəmində həyata keçirdiyi fəaliyyətinin nəticəsidir ki, xalq artıq açıq şəkildə Makronun istefasını istəyir. Sorğuların nəticələri də bunu təsdiqləyir. Bundan başqa, Fransa beynəlxalq miqyasda da əvvəlki nüfuzunu itirib. Bu, dövlətin ciddi şəkildə nüfuzdan düşdüyünün bariz göstəricisidir və əsas məsuliyyət şəxsən Emanuel Makronun üzərinə düşür. Digər tərəfdən, xalqın gözü tərəzidir.
İqtisadiyyatın isə demək olar ki, bütün sahələrində acınacaqlı vəziyyət hökm sürür. Bu vəziyyəti Fransa əhalisi öz ailə büdcəsində də ciddi şəkildə hiss edir, qiymətlərin bahalaşması ilə gündəlik həyatında yaşayır".
Qeyd edək ki, sorğulara əsasən, Fransa əhalisinin cəmi 15 faizi ölkə prezidenti Emmanuel Makrona etibar edir. Makronun populyarlıq səviyyəsi onun prezidentlik müddətində ən aşağı həddə çatıb. Sorğuya görə, fransızların 80 faizi Emmanuel Makrona etibar etmir, qalan 5 faiz isə cavab verməkdə çətinlik çəkib.
Qiymət Mahir
tag: Natiq Miri,Politoloq,Fransa,Makron,Todaypress.tv,
