80 ildir bitməyən savaş YENİDƏN ALOVLANDI: “Suyumuzu kəssəniz...”
Təhlil
19.08.2025 14:06
“Pakistana suyun verilməsinin dayandırılması müharibə elan edilməsinə bərabərdir”.
Pakistanın Cənubi Asiya Strateji Sabitlik İnstitutunun (SASSI) prezidenti Maria Sultan bunu TodayPress TV-yə danışarkən bildirib.
O vurğulayıb ki, hər hansı cəhdlə Pakistanın su mənbələrinə çıxışı bağlanarsa və ya yönləndirilərsə, bu, müharibə aktı kimi qiymətləndiriləcək.
“Belə bir hücum baş verərsə, İslamabad bütün hərbi imkanlarından istifadə edərək cavab verəcək”, - deyə institut rəhbəri açıqlayıb.
Maria Sultan həmçinin Hindistanda fəaliyyət göstərən hərbiləşdirilmiş ifrat sağçı “Rashtriya Swayamsevak Sangh” (RSS) təşkilatının 75 illiyi ilə əlaqədar müəyyən risklərin yarandığını da bildirib. Ekspertin fikrincə, bu təhlükə realdır. Çünki RSS Hindistanın “yalnız hindular üçün dövlət olması” ideyasını təbliğ edir:
“RSS Hindistanı “Hindu Raştrasına” çevirməyi hədəfləyən faşist və ultra-millətçi təşkilatdır. Bu məqsədlə qarşıdakı ən böyük əngəl kimi Hindistan və Pakistandakı müsəlman əhali hesab olunur. Nəticədə müsəlmanlar sistemli şəkildə təhsil, iqtisadiyyat və cəmiyyət sahəsində geridə saxlanılır; Pakistan isə daim düşmən obrazı kimi təqdim edilir. Bu qəbuledilməzdir”.
Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif Hind Suları Müqaviləsini (IWT) pozaraq ölkəyə su axınının dayandırılması cəhdinə qarşı Hindistan tərəfinə yeni xəbərdarlıq edib.
“Mən bu gün düşmənə demək istəyirəm ki, əgər siz bizi suyumuzu kəsməklə hədələyirsinizsə, o zaman bunu unutmayın ki, Pakistandan bir damla belə qopara bilməzsiniz. Əgər siz belə bir addım atsanız, Pakistan sizə heç vaxt unuda bilməyəcəyiniz bir dərs verəcək”, - deyə ölkənin Baş naziri bildirib.
Aysel Mətləb
tag: Maria Sultan,SASSI,Pakistan,Hindistan,Todaypress.tv,
