Valeri Dımov: “Putin "paranoyik" dünyagörüşünə Trampı da cəlb edib”

Təhlil

04.09.2025 15:38

Rusiya Prezidenti Vladimir Putin Çinə səfərinin yekunlarına dair mətbuat konfransında Ukrayna lideri Volodimir Zelenskini Moskvaya dəvət edib. 

“Dedim ki, bəli, Zelenski ilə görüş keçirmək mümkündür. Sonda Zelenski hazırdırsa, Moskvaya gəlsin”.

Hələlik Putinin bu çağırışına rəsmi Kiyev tərəfindən cavab verilməyib. 

Maraqlıdır, görəsən, həqiqətən də Zelenskinin Moskvaya gəlmə ehtimalı varmı? 

Bu görüş hansı şərtlər qarşılığında baş tutacaq? 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan ukraynalı politoloq Valeri Dımov bildirib ki, Putinin Zelenskini Moskvaya dəvət etməsi, əslində, Ukrayna liderinə deyil, ABŞ Prezidenti Donald Trampa ünvanlanıb.

Məqsəd Trampın Kiyevə təzyiq göstərməsi və Zelenskini güzəştlərə getməyə məcbur etməsidir.

“İlkin mərhələdə söhbət münaqişənin cəbhə xəttində “dondurulmasından” gedirdi. Lakin indi Putin açıq şəkildə bəyan edir ki, əvvəlcə onun irəli sürdüyü şərtlər yerinə yetirilməlidir. Yalnız bundan sonra o, münaqişəni dondurmaq məsələsinə baxa biləcəyini deyir. Bu oyuna isə, nədənsə, Tramp da qoşulub. Əgər Trampın müharibəni dayandırmaq strategiyası yox idisə, deməli, o, Putinin planlarına daxil olub. Bu baxımdan Kreml rəhbərinin strategiyası dəyişməyib. Həm hərbi cəbhədə, həm də psixoloji müstəvidə Ukraynaya təzyiq göstərməyə çalışır. Putinin hesabına görə, daimi raket və “Şahed” hücumlarından yorulan ukraynalılar sonda güzəştlərə razılaşacaqlar. Lakin bu, heç vaxt baş tutmayacaq”. 

“Döyüş meydanının öz reallıqları var...”

Analitik diqqətə çatdırıb ki, Trampın arqumentinə əsasən, guya Ukrayna müharibəni uduzur və buna görə də şərtləri diktə edə bilməz. Putin də bu diskursdan istifadə edərək bəyan edir ki, Ukrayna onun şərtlərinə razı olsa, kompromis mümkündür. Əks halda isə nəticə döyüş meydanında müəyyən ediləcək. Amma reallıq başqadır: 

“Rusiya ordusu hələ də Çasov Yar istiqamətində ilişib qalıb, nə Pokrovsku, nə də Kupyanskı tuta bilib. Yəni 2023-cü ildə işğal olunan ərazilərin sərhədləri bu gün də faktiki olaraq dəyişməyib”, - deyə o bildirib.

“Narrativ oyunu” və zəmanətsiz suverenlik

Valeri Dımov hesab edir ki, Putin daha çox öz narrativlərini qurmaqla məşğuldur. Bu narrativlərə isə Tramp, Ağ Ev liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff və nədənsə, administrasiya da dəstək verir. 

“Guya Ukrayna şərtlərə razı olsa, “suverenliyi” qorunacaq. Amma bunun heç bir zəmanəti yoxdur. Üstəlik, Trampın verdiyi təminatlar ciddi şübhə altındadır, hətta NATO-nun 5-ci maddəsi də Trampın bəyanatları ilə faktiki zəiflədilib. Məhz bu səbəbdən Zelenski Putinin çağırışlarına reaksiya vermir. Çünki bu, dövlət başçısının deyil, daha çox Xarici İşlər Nazirliyinin səviyyəsində müzakirə olunmalı mövzudur. Zelenski hazırda Parisdə “istəklilər koalisiyası” ilə görüşlər keçirir və tamamilə fərqli gündəmi var”.

“İqtisadi təzyiq və ABŞ-nin imkanları”

O, həmçinin əlavə edib ki, Putinin niyyətləri dəyişməz qalsa da, Rusiya iqtisadiyyatı böyük xərclərlə üzləşib. ABŞ-nin bu resursları kəsmək üçün kifayət qədər mexanizmləri var. Avqustun 27-dən Hindistana qarşı tətbiq edilən yeni tariflər buna nümunədir. Belə ki, Rusiya neftinə görə rüsum 25 faizdən 50 faizə qaldırılıb. Əgər Vaşinqton daha qəti addımlar atsa, Kreml maliyyə imkanlarını itirə bilər.

Dımovun fikrincə, Putinlə görüş üçün ən münasib yer Nürnberq- nasistlərin mühakimə edildiyi tribunal olardı:

“Çünki “rasizm” əslində, “rus nasizmi”dir. Digər uyğun məkan isə Haaqa Beynəlxalq Cinayət Məhkəməsidir. Burada artıq Ukrayna uşaqlarının oğurlanması və onlara zorla rus kimliyi aşılamaq faktı araşdırılır”, - o bildirib.

“Putinin niyyətləri əsassızdır”

Politoloq hesab edir ki, Ukraynaya real qələbə imkanları verilmədiyi üçün bu proses uzanır. Amma ukraynalılar əmindirlər ki, Putinin niyyətləri əsassızdır. Əsas təhlükə ondadır ki, Putin öz "paranoyik" dünyagörüşünə Trampı da cəlb edib.

Töhfə Səməd

tag: Valeri Dımov,Ekspert,Putin,Tramp,Todaypress.tv,

photo