21 noyabr QORXUSU: Rusiyadan Trampa müraciətlər niyə artır?

Təhlil

17.11.2025 15:30

Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan sonra Prezident Vladimir Putinin köməkçisi və mətbuat katibi Dmitri Peskov da ABŞ Prezidenti Donald Trampa müraciət edərək Ukrayna münaqişəsinin həlli ilə bağlı Kreml–Vaşinqton təmaslarının bərpasını xahiş edib:

“Biz ümid edirik ki, Prezident Tramp Ukrayna probleminin siyasi və diplomatik yolla həllinə yardım göstərməyə hələ də hazırdır”.

Peskov, həmçinin ABŞ və Rusiyanı nəzərdə tutaraq tərəflər üçün “çox parlaq üfüqlərin açıldığını”, indiki vəziyyətin isə “vaxt itirilməsinə, pul və mənfəət itkisinə” səbəb olduğunu bildirib.


Diqqətçəkən məqam ondadır ki, ABŞ-nin “Rosneft” və “Lukoyl” kimi əsas neft şirkətlərinə qarşı sanksiyaların qüvvəyə minəcəyi 21 noyabr yaxınlaşdıqca Kreml tərəfindən belə çağırışların sayı artmaqdadır. Əvvəlcə Lavrov, sonra isə Peskov...


Mövcud gəlişmələri TodayPress TV-yə şərh edən Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirib ki, Rusiyanın enerji sektoruna yönələn yeni sanksiyalar Moskvanın dayanıqlığını ciddi şəkildə sarsıdacaq əsas həlqəni hədəfə alır:

“Rusiya rəsmiləri vəziyyətin nə qədər kritik olduğunu anlayırlar. Moskva sanksiyalar qarşısında dirəniş nümayiş etdirməyə çalışsa da, ölkənin iqtisadi can damarı olan “Rosneft” və “Lukoyl” kimi nəhəng neft şirkətlərinə tətbiq edilən məhdudiyyətlər Rusiyanı real olaraq çökdürə biləcək təsir gücünə malikdir”.


Politoloqun sözlərinə görə, enerji gəlirlərinin azalması ilk mərhələdə əhalinin gündəlik rifahına kəskin təsir göstərməyə bilər:

“Bu xərclər müəyyən müddət daxilində ehtiyatlar hesabına kompensasiya oluna bilər. Lakin müdafiə büdcəsi, ordunun saxlanılması, təhlükəsizlik və kəşfiyyat strukturlarının maliyyələşməsi, eləcə də nəhəng ərazinin sərhəd təhlükəsizliyinin təmin edilməsi yalnız daxili resurslarla qarşılanacaq məsələ deyil. Bu istiqamətlər üçün davamlı və yüksək gəlir məhz neft-qaz sektorundan daxil olan vəsaitlə təmin olunur”.


Azər Qasımov diqqətə çatdırıb ki, məhz buna görə Rusiya rəhbərliyi dərhal hərəkətə keçib:

“Prezident, Lavrov, Peskov və digər rəsmilərin sürətlə prosesə qoşulması təsadüfi deyil. Müharibədə dönüş nöqtəsi yaxınlaşır. Sanksiyaların real nəticə verməsi üçün kritik mərhələ yetişib və Moskva bu işğalçı müharibəni davam etdirmək imkanlarını sürətlə itirir”.

Ekspertin fikrincə, prosesin mövcud dinamiki Rusiyanı seçim qarşısında qoyur. Əgər enerji sektorundan gələn maliyyə axınları dayanarsa, Rusiya müharibəni maliyyələşdirmək gücünü itirəcək. Bu, Moskvanı ya geri çəkilməyə, ya da daha ciddi daxili böhranla üzləşməyə məcbur edəcək. 

Qiymət Mahir

tag: Rusiya,Peskov,Lavrov,Neft,Todaypress.tv,