Gözlər Yaxın Şərqdə: Rusiya üçün geopolitik fürsət yaranır...

Təhlil

16.06.2025 14:42

“Yaxın Şərqdə İsrail ilə İran arasında baş qaldıran qarşıdurma bölgədə çoxdan bəri alovun altını üfürən ziddiyyətlərin açıq müharibə səviyyəsinə keçə biləcəyi ehtimalını gündəmə gətirib”. 

Politoloq Tural İsmayılov bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, bu, yalnız regional təhlükəsizlik böhranı deyil, eyni zamanda qlobal güclərin prioritetlərini yenidən şəkilləndirəcək qədər təsirli bir ssenaridir. Bu kontekstdə “Rusiya-Ukrayna müharibəsi ikinci plana düşə bilərmi?” sualı birmənalı cavab tələb etmir, amma ehtimallar üzərində rasional analiz mümkündür. 

“Qərb üçün İsrail-İran qarşıdurması, təkcə iki ölkənin toqquşması deyil, onun arxasında duran Şiə-Sünni, İran-Ərəb, NATO-non-NATO, hətta ABŞ-Çin-Rusiya arasında dolayı qüvvələr balansı mənasına gəlir. Bunun nəticəsində isə Ukraynaya olan dəstəyin ritmi və intensivliyi azala bilər. Bunun əksinə ABŞ və Avropa ölkələri siyasi və hərbi resurslarını daha çox Yaxın Şərqə yönəldə bilər”.

Analitikin qənaətincə, bütün bunlar, Rusiya üçün geopolitik fürsət pəncərəsi açacaq. Yəni, Ukraynada cəbhəni genişləndirmək, təzyiqləri artırmaq və Qərbi daha çox təhdid etmək fürsəti yaranacaq. 

“İsrail-İran qarşıdurması qlobal diqqətin paylaşılmasına səbəb olacaq və bu da Rusiya üçün Ukrayna cəbhəsində strateji imkanlar yarada bilər. Amma bu, eyni zamanda Qərbin daxili koordinasiya qabiliyyətini sınağa çəkəcək. Əgər ABŞ və müttəfiqləri bu yeni cəbhəni idarə edə bilməsələr, Ukrayna, Gürcüstan, Moldova və Baltikyanı ölkələr növbəti təhdidlərə daha açıq vəziyyətə düşə bilər”.

O bildirib ki, İsrail-İran savaşı Ukraynanın informasiya müharibəsindəki səngərini zəiflədə bilər, amma Qərbin strateji iradəsi itərsə, bu, domino effekti ilə bütün qlobal düzəni silkələyə bilər. Hər bir halda İran-İsrail savaşı da uzunmüddətli olmayacaq.  

Qeyd edək ki, iyunun 13-də İsrail İrana qarşı hücuma keçib. İran da qarşı tərəfə cavab zərbələri endirib. Tərəflər arasında qarşıdurma getdikcə pik həddə çatır. 

Töhfə Səməd

tag: Tural İsmayılov,Politoloq,İsrail,İran,Rusiya,Todaypress.tv,

photo