Ən zəif bənd: “Gərginlik Ermənistanın başında çatlayacaq...”
Siyasət
29.05.2025 13:35
“Ermənistan Baş naziri Nikol Paşinyanın açıq mətnlə təxribatlardan danışması böyük cəsarətdir, çünki bu, onun sonu ola bilər”.
Politoloq Azər Qasımov bunu TodayPress TV-yə danışarkən deyib.
Ekspertin qənaətincə, regionda sülhdə maraqlı olmayan güclərin olması reallığının açıq şəkildə etiraf edilməsi, əslində Paşinyanın regionun gələcəyindən narahat olduğunu göstərir:
“Paşinyan görür ki, regiondakı ən zəif bənd kimi gərginlik Ermənistanın başında çatlayacaq, ona görə də hər vəchlə sülhdən danışır. Əslində Paşinyanın açıq mətnlə təxribatlardan danışması böyük cəsarətdir, çünki bu, onun sonu ola bilər. Təxribatçı qüvvələr Paçinyanı onsuz da regionda gərginlik olsun deyə dəstəkləyirlər. Paşinyanın sülh çağırışları onları fikirlərindən döndərə bilər”.
Analitik düşünür ki, “təxribatlar” dedikdə Paşinyan ilk növbədə sərhəddə baş verən atəşkəsin pozulmasını nəzərdə tutur:
“Bunun onun istəyindən kənar olduğu aydındır. Bu təxribatların arxasında isə müxtəlif açıq və gizli güclər dayanır. Təxribatçı qüvvələri Fransa və Hindistan açıq şəkildə təşkil edirsə, gizli şəkildə İran və Rusiya təşkil edir. Göründüyü kimi təxribat törədən qüvvələr çoxdur, amma Rusiyanın bu təxribatlarda daha çox maraqlı olduğu məlumdur. Üzdə sülhdən danışan həmin qüvvələr pərdə arxasında çox oyunlardan çıxırlar”.
A.Qasımov Paşinyanın öz fikirlərində səmimi olduğunu hesab edir:
“Hər halda, onun səmimiliyini atacağı addımlar isbat edəcək. Bu da Azərbaycanın tələblərini yerinə yetirməyə göstərdiyi istəyi ilə daha da aydın olacaq”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, bütün təxribatlara baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə yox, sülh olacaq.
Qiymət Mahir
tag: Azər Qasımov,Politoloq,Paşinyan,Ermənistan,TodayPress.tv,
