Rusiya Şimali Koreyada hərbi aktivliyini artırır: Məqsəd?

Təhlil

19.06.2025 18:02

“Rusiya Şimali Koreyada hərbi aktivliyini artırmaq niyyətindədir”.

Politoloq Zeynal Əmrəliyev bunu TodayPress TV-yə danışarkən deyib.

O, Rusiya və Şimali Koreya münasibətlərini şərh edib:

“Rusiya və Şimali Koreya arasındakı münasibətlər son zamanlar yüksək şəkildə inkişaf edib. Nəzərə alaq ki, Şimali Koreya dünyaya qapalı ölkədir. Onun həm iqtisadi cəhətdən ayaqda durması, həm də hərbi cəhətdən inkişafı üçün Rusiya və Çin dəstək verir. Rusiya-Ukrayna müharibəsi fonunda Ukrayna cəbhəsində Şimali Koreyanın Rusiyaya faktiki olaraq hərbi dəstək göstərməsi rəsmi Pxenyan və Moskva arasındakı münasibətlərin daha da genişlənməsinə səbəb olub. Burada Şimali Koreya müəyyən mənada resurs itkisinə məruz qaldı. Şimali Koreya ABŞ dəstəkli Cənubi Koreya ilə hərbi cəhətdən yarışdadır. Bu səbəbdən onun hərbi üstünlüyü, silah təchizatının möhkəm olması mühüm əhəmiyyət kəsb edir”. 

Ekspert ehtimal edir ki, Rusiya Şimali Koreyanın Ukrayna cəbhəsindəki resurs itkisini öz üzərinə götürüb:

"Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Pxenyana səfər edərək Şimali Koreya rəhbərliyi ilə görüşlər keçirməsi Rusiyanın bu bölgədəki marağından qaynaqlanır. Böyük ehtimalla, Rusiya Şimali Koreyada hərbi aktivliyini artıracaq və Şimali Koreya ordusunun müdafiə təchizatının gücləndirilməsinə böyük dəstək göstərəcək. Burada birgə silah istehsal zavodlarının yaradılması, həmçinin Şimali Koreya ordusunun inkişafı üçün Rusiyanın hərbi mütəxəssislərinin orduda sayının çoxaldılması, eyni zamanda təhlükəsizlik sahəsində də əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparıla bilər. Son zamanlarda Şimali Koreyada ciddi təhlükəsizlik problemləri olduğu barədə bildirişlər var. Məlum olduğu kimi, Cənubi Koreya ilə Şimali Koreya arasında kəşfiyyatla bağlı ciddi problem yaranmışdı. Hətta bu səbəbdən Cənubi Koreyada hakimiyyət dəyişikliyi belə baş verdi".

Qeyd edək ki, iyunun 17-də Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu prezident Vladimir Putinin xüsusi tapşırığı ilə Şimali Koreyaya gedib. Bu, artıq Sergey Şoyqunun son bir ayda Koreya Xalq Demokratik Respublikasına (KXDR) ikinci səfəridir.

Qiymət Mahir

tag: Zeynal Əmirəliyev,Politoloq,Rusiya,Şimali Koreya,Todaypress.tv,

photo