Rəhbər, ordu və xalqın birliyi: ZƏFƏR!

Təhlil

26.06.2025 11:56

“Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətini uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyevin qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi”.

Milli Məclisin deputatı Mehriban Vəliyeva bunu TodayPress TV-yə açıqlamasında deyib. 

O, Qarabağın azad olunmasında Ordunun rolundan bəhs edib:

“Azərbaycan xalqı artıq beş ilə yaxındır ki, tarixi Qarabağ torpaqlarının erməni işğalından azad olunmasının sevincini, qürurunu yaşayır. Bu inanılmaz qələbəni, böyük zəfəri bizə yaşadan Şanlı Azərbaycan Ordusu və Ali Baş Komandan İlham Əliyevin sayəsində dövlətimizin və xalqımızın dünyadakı nüfuzu artdı. Rəhbər, ordu və xalq birliyinin nələrə qadir olduğunu, hansı xarüqələr yarada bildiyini hər kəs gördü. Bu vəhdət Vətən müharibəsində Qələbəni şərtləndirən başlıca amil oldu. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə gecə-gündüz çalışan mülki insanlar, bütövlükdə xalqımızın bir yumruq kimi həmrəylik nümayiş etdirməsi düşmənə sarsıdıcı zərbə oldu. Əldə olunan zəfər ordu quruculuğunun qüsursuzluğundan, hərbçilərimiz arasında vətənpərvərlik hissinin və peşəkarlığın yüksək səviyyədə olmasından xəbər verir. II Qarabağ müharibəsində Azərbaycan Ordusunda bir nəfər də fərari olmadı. Yaralı əsgər və zabitlərimiz müalicələrini yarımçıq qoyub döyüş meydanına qayıtdılar. 2023-cü ilin 19-20 sentyabr tarixlərində baş tutmuş bir günlük lokal antiterror tədbirləri nəticəsində də Azərbaycan Ordusu növbəti dəfə yüksək peşəkarlıq və hərbi güc nümayiş etdirdi. Xankəndidə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə keçirilən növbəti qələbə paradı isə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı".

Mehriban Vəliyeva qeyd edib ki, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 2022-ci ildə Milli Müdafiə Universiteti yaradılıb. İki ölkənin silahlı qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və həyata keçirilən çoxsaylı birgə təlimlər bu gün də davam etdirilir. Bu gün Azərbaycan Ordusu istənilən maneəni dəf etmək, istənilən vəzifəni icra etmək əzmindədir.

Qiymət Mahir

tag: Silahlı Qüvvələr Günü,İlham Əliyev,Ordu,Qarabağ,Hərbçi,Todaypress.tv,

photo