Yuxusuzluq ağıl zəifləməsi riskini artıra bilər

Sağlamlıq

17.09.2025 18:45

Alimlər yuxu çatışmazlığının beyində təhlükəli toksinlərin yığılmasına səbəb ola biləcəyini və bu vəziyyətin ağıl zəifləməsi riskini artıra biləcəyini açıqlayıblar.

TodayPress TV xəbər verir ki, bu vəziyyət alzheimer və demensiya kimi nevroloji xəstəliklərin riskini artıra bilər.

Mütəxəssislər bildirirlər ki, beynin öz tullantı təmizləmə sistemi olan "glimfatik sistem" xüsusilə yuxu zamanı daha fəal işləyir. Yuxu pozulduqda isə bu sistem lazımı qədər işləyə bilmir və toksinlərin beyindən xaric edilməsi yavaşlayır. 

Bədəndəki hüceyrələr tullantılar istehsal edir və bu tullantılar limfa sistemi vasitəsilə təmizlənir. Lakin beyində limfa damarları olmadığına görə, glimfatik sistem beyin-onurğa mayesindən istifadə edərək hüceyrələr arasındakı tullantıları toplayır.

Siçanlar üzərində aparılan araşdırmalar göstərib ki, bu sistem yuxu zamanı daha aktiv olur və xüsusilə Alzheimer xəstəliyində rol oynayan beta-amiloid zülallarını təmizləyir. İnsanlarda aparılan müşahidələrdə də yuxusuz keçən tək bir gecədən sonra bu zülalların beyində artdığı aşkarlanıb.

Mütəxəssislərə görə, keyfiyyətli yuxu beyin sağlamlığı üçün həyati əhəmiyyət daşıyır. Lakin müalicə ilə toksinlərin təmizlənməsinin birbaşa demensiya riskini azaldıb-azaltmadığı hələ də tam məlum deyil. Mövcud tədqiqatlar, xüsusilə beta-amiloid və tau zülallarının qan səviyyələrini izləyərək, yuxu apnesi və insomnia (yuxusuzluq) müalicəsinin beyin təmizliyi üzərindəki təsirini anlamağa yönəlib.

Alimlər bildirirlər ki, beyin sağlamlığı və zehni funksiyaları ilə bağlı narahatlıq keçirən insanlar yuxu rejimlərinə diqqət etməli və mütəxəssis həkimə müraciət etməlidirlər.

Aysel Mətləb

TodayPress TV

tag: Yuxusuzluq ,Ritm ,Bioloji,Gecə ,todaypress.tv,