Yanlış seçilmiş ofis kreslosu sağlamlıq üçün təhlükə yarada bilər
Yanlış seçilmiş ofis kreslosu bir sıra sağlamlıq problemlərinə yol aça bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “Arqument i fakt” qəzeti məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, oturaq vəziyyət insan orqanizmi üçün təbii deyil, çünki oynaqlar hərəkət üçün nəzərdə tutulub. Uzun müddət kresloda oturmaq qrija, protruziya, varikoz, görmə zəifliyi, boyun nahiyəsinin sıxılması, baş dərisində qan dövranının pozulması nəticəsində saç tökülməsi və qalxanabənzər vəzinin fəaliyyətində pozulma ilə nəticələnə bilər.
Bundan əlavə, oturaq həyat tərzi çanaq əzələlərinin zəifləməsinə, tənəffüs və həzm sistemlərinin fəaliyyətinin pozulmasına səbəb ola bilər. Kiçik çanaqda durğunluq yaranaraq mioma, prostatit kimi xəstəliklərin inkişafına yol aça bilər. Eyni zamanda, yorğunluq səviyyəsi arta və diqqət azalması müşahidə oluna bilər.
Buna görə də ofis kreslosu seçilərkən fərdi bədən quruluşu nəzərə alınmalıdır. Yaxşı kreslo hündürlüyü tənzimlənə bilən, bel nahiyəsini dəstəkləyən, bud və diz oynaqlarında düz bucaq yaradan, diz altını sıxmayan və orta sərtlikdə olmalıdır. İstifadə zamanı qollar dirsəkaltılara, biləklər isə masaya söykənməli, dirsəklər 90 dərəcədən artıq bükülməməlidir. Ayaqlar altına isə altlıq qoyulması tövsiyə olunur.
Əlavə olaraq, düzgün kreslo seçmək fasiləsiz hərəkət ehtiyacını aradan qaldırmır. Həkimlər hər 1-2 saatdan bir qısa fiziki hərəkətlərlə fasilə verməyi tövsiyə edir.
Töhfə Səməd
tag: Ofis,Kreslo,Sağlamlıq,Fəqərə,todaypress.tv,