Dabaq xəstəliyi insanlara keçə bilər? – Ekspert xəbərdarlıq edir

Sağlamlıq

27.10.2025 17:03

"Dabaq virusu heyvanlardan süd və ət məhsulları vasitəsilə insanlara keçə bilər. Bu səbəbdən də vətəndaşlar xüsusilə süd, pendir, qaymaq kimi ağartı məhsullarını alarkən və istehlak edərkən diqqətli olmalıdırlar".

Bu fikirləri TodayPress TV-yə açıqlamasında Qida eksperti Fərid Səfərov bildirib.

Onun sözlərinə görə, əgər inək, keçi və ya qoyun dabaq, brusellyoz və ya vərəm kimi xəstəlik daşıyıcısıdırsa, bu patogenlər südə keçə bilər. Xüsusilə çiy süd, az qaynadılmış süd və ya qeyri-sanitar şəraitdə hazırlanmış pendir real risk yaradır:

"Dabaq virusu əsasən heyvanların ağız və dırnaq hissələrində olur. Lakin süd vasitəsilə də orqanizmdən xaric ola bilər. Virus yalnız yüksək temperaturda, yəni südün qaynadılması və ya pasterizasiyası zamanı məhv olur. Buna görə çiy süd və az bişmiş süd məhsulları təhlükəli hesab edilir".

Ekspert dönərxanalarda və ya bazarlarda xəstə heyvan ətlərinin satışa çıxarılması ilə bağlı vətəndaşları diqqətli olmağa çağırıb:

"Ətin mənşəyi və baytarlıq sənədləri yoxdursa, o məhsulun təhlükəsizliyinə inanmaq olmaz. Rəngi, iyi və teksturası normadan fərqli olan ət məhsulu şübhə doğurmalıdır. Belə hallarda dərhal Dövlət Baytarlıq Nəzarəti Xidmətinə məlumat vermək lazımdır".

Fərid Səfərov əlavə edib ki, əhali yalnız etibarlı mənbələrdən ət və süd məhsulları almalı, həmçinin bu məhsulların saxlanma və hazırlanma şəraitinə ciddi diqqət yetirməlidir.

Qeyd edək ki, Azərbaycanın qərb rayonlarında dabaq xəstəliyi yayılıb. Bu virus əsasən inək, qoyun və keçilərdə müşahidə olunur.

Türkan İsgəndərli

TodayPress TV

tag: Fərid Səfərov,Qida eksperti,Dabaq,İnsan,Todaypress.tv,

photo