Ömrü uzadan dərman aşkarlandı

Sağlamlıq

19.06.2025 16:52

Aclıq və kalori məhdudlaşdırılması uzun müddətdir ki, ömrün uzadılması üçün effektiv strategiyalar kimi qəbul edilir. Lakin Şərqi İngiltərə və Qlazqo universitetlərinin alimləri müəyyən ediblər ki, oxşar təsir rapamisin adlı preparat vasitəsilə qida məhdudiyyəti olmadan əldə edilə bilər.

TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "Aging Cell" jurnalında dərc olunub.

Tədqiqatçılar 167 tədqiqatı analiz edərək balıqlardan primatlara qədər səkkiz müxtəlif onurğalı növündə diyetin, rapamisinin və başqa məşhur preparat olan metforminin təsirini müqayisə ediblər. Məlum olub ki, rapamisin kalori məhdudiyyətində olduğu kimi, ömrü stabilliklə uzadır, halbuki metformin əhəmiyyətli fayda göstərməyib.

Əvvəlcə immunosupressant kimi istifadə olunan rapamisin hazırda potensial yaşlanmaya qarşı preparat kimi aktiv tədqiq edilir. Vacib məqam budur ki, onun effekti həm kişi, həm də qadın orqanizmlərində müşahidə olunub və diyet məhdudiyyətinin növündən asılı olmayıb. Bu da preparatı uzunömürlülük sahəsində gələcək tədqiqatlar üçün xüsusilə maraqlı edir.

Müəlliflər vurğulayırlar ki, bu rapamisinin qəbulu üçün çağırış deyil, çünki immun sistemi ilə əlaqəli ola biləcək yan təsirlər mövcuddur. Lakin aşağı dozalarla ciddi risklər hələ aşkar edilməyib.

Töhfə Səməd

tag: Aclıq ,Kalori,Tədqiqat,Rapamisin ,todaypress.tv,