Gənclər arasında bağırsaq xərçəngi sürətlə artır
Sağlamlıq
09.07.2025 19:30
50 yaşdan aşağı insanlarda mədə-bağırsaq xərçəngi, xüsusilə yoğun və düz bağırsaq (kolorektal) xərçəngi halları dünyada sürətlə artır.
TodayPress TV xəbər verir ki, bu barədə BJS (British Journal of Surgery) jurnalında dərc olunmuş beynəlxalq araşdırmada qeyd olunub.
Statistikaya görə, 1985–2018-ci illərdə ümumi kolorektal xərçəng halları azalaraq hər 100 min nəfərə görə 66,2-dən 35,7-yə düşüb. Lakin eyni dövrdə gənclər arasında – xüsusilə 2000–2017-ci illər aralığında – bu xəstəliyin yayılması təxminən 50 faiz artıb. Belə ki, 50 yaşdan aşağı şəxslərdə xəstəliyin göstəricisi 5,9-dan 8,4-ə yüksəlib.
Araşdırma göstərib ki, 1990-cı il təvəllüdlü şəxslərdə kolorektal xərçəng riski, 1950-ci illərdə doğulanlarla müqayisədə 2-4 dəfə yüksəkdir.
Xəstəlik ən çox inkişaf etmiş ölkələrdə yayılıb. Təkcə Avropanın 20 ölkəsində 2004–2016-cı illər arasında 20–49 yaş arası insanlarda erkən bağırsaq xərçənginin yayılmasında ciddi artım qeydə alınıb. ABŞ-də isə kolorektal xərçəng 50 yaşadək kişilər üçün birinci, qadınlar üçün ikinci əsas onkoloji ölüm səbəbi olub.
Alimlər bildirir ki, gənclərdə xəstəlik çox zaman gec mərhələdə aşkar edilir. Bunun səbəbi həkimlərin və xəstələrin erkən yaşda xərçəngi ehtimal etməməsidir. Gec diaqnoz isə daha aqressiv müalicə tələb edir, lakin bu, hər zaman sağ qalmanı artırmır.
Qiymət Mahir
tag: Mədə,Bağırsaq,Xərçəng,Xəstəlik,Todaypress.tv,