Telefon istifadəçilərinə xəbərdarlıq: Sindroma tutula bilərsiniz

Sağlamlıq

02.09.2025 13:34

Telefonun uzun müddət və yanlış vəziyyətdə istifadəsi onurğa sağlamlığına ciddi ziyan vura bilər.

Həkim-terapevt Etibar Süleymanov mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, onurğa sütununda inkişaf qüsurlarının yaranması bir çox amillərlə bağlıdır. 

Onun sözlərinə görə, düzgün olmayan oturuş, "D" vitamini və "kalsium" çatışmazlığı, həmçinin uşaqlarda ağır çantaların birtərəfli daşınması bu problemlərə yol açır.

“Kalsium" sümüklərin bərkliyini təmin edir, "D" vitamini isə onun mənimsənilməsini normallaşdırır. Körpəlik və uşaq yaşlarında ağır yüklərin qaldırılması, oturarkən düzgün vəziyyətə əməl edilməməsi və telefondan uzun müddət yanlış şəkildə istifadə onurğa əyriliklərinə (Telefon Boynu Sindromu) səbəb ola bilər".

Həkim əlavə edib ki, telefonun ziyanı yalnız fiziki sağlamlıqla məhdudlaşmır. Həddindən artıq telefon istifadəsi uşaqlarda oyun və sosial şəbəkə asılılığı yaradır. Bu isə onların həm psixoloji, həm də sosial inkişafına mənfi təsir göstərir.

“Telefondan istifadə zamanı tez-tez vəziyyəti dəyişmək vacibdir. Eyni mövqedə uzun müddət qalmaq onurğa sütununa yük salır. Buna görə də başı düz saxlamaq, boynu hərəkət etdirmək, sağa-sola çevirmək və qısa idman hərəkətləri etməklə yaranacaq fəsadların qarşısını almaq mümkündür", - deyə o vurğulayıb.

Etibar Süleymanov problemin qarşısını almaq üçün uşaqlara telefon istifadəsində vaxt məhdudiyyəti qoymağı, açıq havada daha çox olmağı, qısa idman hərəkətləri etməyi və onurğa ilə bağlı narahatlıqlar yaranarsa, travmatoloq və ortopedə müraciət etməyi tövsiyə edib.

Türkan İsgəndərli


tag: Etibar Süleymanov,Terapevt,Telefon,Sindrom,Todaypress.tv,

photo