Bəzi geyimlərdən istifadə edərkən diqqətli olun!
Sağlamlıq
24.07.2025 18:30
Moda və sağlamlıq sahəsində aparılan son araşdırmalara əsasən, gündəlik həyatda tez-tez istifadə olunan bəzi geyim və aksesuarlar insan sağlamlığı üçün ciddi risklər yarada bilər.
TodayPress TV xəbər verir ki, mütəxəssislər bu geyim əşyalarının uzunmüddətli istifadəsinin müxtəlif fiziki narahatlıqlara və hətta xroniki sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildiriblər.
Siyahıya ayaq sağlamlığına təsir edən düz ayaqqabılar, o cümlədən balet ayaqqabıları və flip-floplar daxildir. Uzun müddət ayaq üstə olan insanlar üçün bu cür ayaqqabılar daban və ayaq qövsündə ağrılar, habelə bəzi xəstəliklərə səbəb ola bilər.
Qarın boşluğu orqanları ilə bağlı mütəxəssislər isə qeyd edirlər ki, yüksək belli və dar cins şalvarlar qarın boşluğuna təzyiq göstərərək reflü, şişkinlik və hətta nəfəs almaqda çətinlik yarada bilər. Bundan əlavə, bu cür geyimlər çanaq dibi əzələlərinə təsir edərək sidik qaçırma və oynaqlarda gərginlik kimi problemlərlə nəticələnə bilər.
Forma tipli geyimlər və dar büstqalterlər də siyahıda yer alıb. Bu geyimlər qarına təzyiq göstərərək reflü və diskomforta səbəb olur, eyni zamanda qan dövranını pozaraq limfa axınının qarşısını ala bilər.
Aksesuarlar içərisində isə ağır çiyin çantaları xüsusi diqqət çəkib. Bu cür çantalar bel, boyun və çiyin ağrılarına, həmçinin baş ağrılarına və artrit riskinə yol aça bilər.
Mütəxəssislər gündəlik geyim seçimində rahatlıq və sağlamlığı əsas meyar kimi qəbul etməyi tövsiyə edirlər.
Türkan İsgəndərli
tag: Moda,Sağlamlıq,Geyim,Səhhət,Todaypress.tv,