Dəri xərçənginin əlamətləri açıqlandı
Sağlamlıq
08.06.2025 20:30
Dırnaq altında yaranan tünd zolaq melanomanın, dəri üzərində uzunmüddətli qaşıntı və qabıqlanma isə yastıhüceyrəli karsinomanın əlaməti ola bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail” nəşrinə dermatoloqlar bildiriblər.
Mütəxəssislərin sözlərinə görə, subunqval (dırnaqaltı) melanoma ilk mərhələdə göyərmiş izə bənzəyən tünd ləkə və ya zolaqla özünü göstərir. Zamanla bu törəmə böyüyərək dırnaq ətrafı toxumalara və barmağın falanqasına yayılır. Qeyd olunur ki, Böyük Britaniyada hər il təxminən 2300 nəfər melanoma səbəbilə həyatını itirir.
Nəşr diqqətə çatdırıb ki, bir çox insanlar qaşıntı və quruluqla müşahidə olunan, ekzema kimi görünən və sağalmayan dəri sahələrini ciddi qəbul etmirlər. Lakin bu, ölkədə ikinci ən çox yayılan dəri xərçəngi növü olan yastıhüceyrəli karsinomanın göstəricisi ola bilər. Xəstəlik erkən mərhələdə uğurla müalicə olunsa da, gecikmiş diaqnoz halında metastaz verə və həyati təhlükə yarada bilər.
Həkimlər əlavə edib ki, dəri xərçəngi yalnız xallar üzərindən yaranmır. Bəzi növləri sağalmayan ləkə və ya yaralar şəklində başlayır. Məsələn, Böyük Britaniyada ən çox rast gəlinən bazal-hüceyrəli karsinoma adətən kiçik, lakin uzun müddət keçməyən dəri lezyonu kimi görünür. Bu şiş tipi nadir hallarda metastaz versə də, geniş dəri sahəsinin kəsilməsini tələb edə bilər ki, bu da kobud çapıqlara səbəb olur.
Qiymət Mahir
tag: Dəri,Xəstəlik,Xərçəng,Həkim,todaypress.tv,