Xərçəngin erkən aşkarlanması mümkün oldu
Sağlamlıq
19.06.2025 17:05
ABŞ-dəki tədqiqatçılar qan analizinin onkoloji xəstəliklərin simptomlar görünmədən üç ildən tez aşkar edilməsinə imkan verdiyini müəyyən ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə "Cancer Discovery" jurnalı məlumat yayıb.
Araşdırmaya görə, bəzi xəstələrin qanında xərçəngə xas olan DNT fraqmentləri rəsmi diaqnoz qoyulmazdan xeyli əvvəl mövcud olur.
Con Hopkins Universitetinin alimləri 52 nəfərin qan nümunələrini təhlil ediblər. Bu nümunələrin yarısı sonradan xərçəng diaqnozu qoyulmuş şəxslərdən, digər yarısı isə sağlam könüllülərdən götürülüb. Nəticədə, 8 halda çoxnövlü erkən diaqnostika testi (MCED) artıq həmin vaxtlarda qan dövranında şiş mənşəli DNT (ctDNA) fraqmentlərini müəyyən edə bilib. Altı nəfərə aid daha əvvəlki nümunələrdən dördündə də xərçəng izləri aşkar olunub. Baxmayaraq ki, bu izlər təhlükə həddindən 80 dəfə aşağı konsentrasiyada olub.
Yeni metod ctDNA – qan dövranına düşən şiş hüceyrələrinin DNT fraqmentlərini aşkar etməyə əsaslanır. Onların miqdarı olduqca az olduğundan, alimlər çoxpilləli yoxlama alqoritmlərindən istifadə ediblər. Buna baxmayaraq, hazırkı mərhələdə belə, test gələcəkdə xərçəng diaqnozu qoyulacaq şəxslərin üçdə birində xəstəliyi erkən mərhələdə aşkarlaya bilib.
Tədqiqatçılar bildirirlər ki, testin təkmilləşdirilməsinə ehtiyac olsa da, bu metodun perspektivləri böyükdür. Erkən aşkarlama, şişin hələ kiçik və müalicəyə daha uyğun olduğu mərhələdə müdaxilə imkanı verir.
Töhfə Səməd
tag: ABŞ,DNT ,Con Hopkins Universiteti,Xərçəng,todaypress.tv,