Gənclərdə saçların ağarması: Səbəb stressdir, yoxsa irsiyyət?

Sağlamlıq

22.10.2025 16:59

Saçların ağarması adətən yaşlı insanlarda müşahidə olunur. Lakin son illər gənc yaşlarda da saçların ağarması halları artıb. Bu hal bəzən stresslə əlaqələndirilir.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan psixoloq Vüsalə Əmiraslanova bildirib ki, stressin orqanizmə çoxsaylı mənfi təsirləri var və o, bəzən psixosomatik xəstəliklərə səbəb olur:

"İnsanların arasında belə bir deyim var: “bir gecənin içində saçı ağardı”. Yəni elə bir stress, dərd və həyəcan yaşanır ki, bu hal fiziki görünüşə də təsir edir. Tibbi tərəfdən baxsaq, saçların ağarması genetikaya və piqmentasiyaya bağlıdır. Amma psixoloqlar və psixiatrlar qeyd edirlər ki, çox düşünmək, təşviş və uzunmüddətli stress də bu prosesi sürətləndirə bilər".

Ekspertin sözlərinə görə, hər bir insanın orqanizmi stressə fərqli reaksiya verir:

"Elə insanlar var ki, çox güclü stress keçirsələr belə, saçları ağarmır. Bu da göstərir ki, məsələ təkcə psixoloji deyil, həm də irsiyyət və bədən kimyası ilə sıx bağlıdır".

Psixoloq əlavə edib ki, psixologiyada bu məsələ hələ də müzakirə mövzusudur:

"Stressin saç ağarmasına təsiri tam sübuta yetirilməsə də, bu ehtimal elmi və praktik müşahidələrdə özünü göstərir. Amma birinci sırada həmişə genetik faktor və piqmentasiyanın zəifləməsi dayanır", - deyə Vüsalə Əmiraslanova qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Vüsalə Əmiraslanova,Psixoloq,Gənclər,Saç,Ağarma,Todaypress.tv,

photo