Yer üzərində həyat "gel"lərdən yarana bilər
Maraqlı
04.12.2025 19:00
Yaponiyanın Xirosima Universitetinin alimləri müəyyən ediblər ki, Yer üzərində həyatın mineralların, qayaların və torpaq səthində yaranan yapışqan gellərdən əmələ gəlməsi mümkündür.
TodayPress TV xəbər verir ki, araşdırma "ChemSystemsChem" jurnalında dərc olunub.
Alimlərin fikrincə, bu gellər maddələri bir yerdə toplayaraq onların dağılmasının qarşısını alır və kimyəvi reaksiyaların daha asan baş verməsinə şərait yaradırdı. Bu proseslər ilk hüceyrələr yaranmazdan əvvəl proto-metabolizmin formalaşmasına kömək etmiş ola bilər.
Gellər eyni anda bir neçə funksiyanı yerinə yetirirdi:
- molekulları cəmləşdirirdi,
- lazımi birləşmələri seçərək saxlayırdı,
- temperatur, rütubət və su tərkibindəki dəyişiklikləri tənzimləyirdi.
Bu şərait uzun RNT və zülal zəncirlərinin yaranma ehtimalını artırır, gelin səthi isə molekulların qarşılıqlı təsiri üçün əlverişli mühit yaradırdı.
Tədqiqatçılar bildirirlər ki, bu “mini-laboratoriyalar” ilk özünü çoxaldan sistemlərin yaranmasına və elementar irsiyyətin formalaşmasına yol aça bilərdi.
Alimlər həmçinin qeyd edirlər ki, oxşar geləbənzər strukturlar başqa planetlərdə də mövcud ola bilər və bu, həyat axtarışında yeni imkanlar yaradır.
Gələcək təcrübələrdə tədqiqatçılar erkən Yer şəraitini təqlid edərək sadə kimyəvi maddələrin necə gel əmələ gətirdiyini və bunun reaksiyalara necə təsir etdiyini araşdırmağı planlaşdırırlar. Bu, həyatın necə yarandığını daha yaxşı anlamağa kömək edə bilər.
Türkan İsgəndərli
tag: Gel,Mineral,Yer,Həyat,Todaypress.tv,
