Yazda itlər üçün təhlükə artır

Maraqlı

17.03.2026 19:45

Mütəxəssislər xəbərdarlıq edir ki, yaz mövsümündə itlər üçün əsas risklərdən biri müxtəlif həşəratların aktivləşməsidir.

TodayPress TV xəbər verir ki, bu səbəbdən ev heyvanlarının qorunmasına xüsusi diqqət yetirilməsi vacibdir.

Bildirilir ki, gənələr havaların isinməsi ilə aktivləşir və artıq mart ayından təhlükə yaratmağa başlayır. Bu parazitlər itlərdə ciddi qan xəstəliyi olan piroplazmozu yayır. Sahiblərə tövsiyə olunur ki, hər gəzintidən sonra itləri diqqətlə yoxlasınlar və gənə aşkar edilərsə, onu ehtiyatla çıxarsınlar.

Mütəxəssislərin sözlərinə görə, itləri qorumaq üçün müxtəlif vasitələrin birlikdə istifadəsi daha effektivdir. Damcılar, xüsusi boyunbağılar və digər qoruyucu üsullar müntəzəm şəkildə tətbiq olunmalıdır. Dərman seçimi isə mütləq baytar məsləhəti ilə aparılmalıdır.

Qeyd olunur ki, yaz aylarında itlər təkcə gənələrlə deyil, ağcaqanad və digər həşəratlarla da qarşılaşır. Bu sancmalar qaşınma və allergiyaya səbəb ola bilər. Ağcaqanadlar həmçinin ürək qurdu xəstəliyini də daşıyır ki, bu da heyvan üçün ciddi təhlükə yaradır.

Bundan əlavə, arı və digər sancan həşəratlar da bu mövsümdə aktiv olur. Onların itin ağız və ya dil nahiyəsinə sancması təhlükəli şişkinliyə səbəb ola bilər.

Mütəxəssislər əlavə edirlər ki, yazda polen allergiyası da itlərdə qaşınma və dəri problemləri yarada bilər. Belə hallarda düzgün qidalanma və vaxtında baytar müayinəsi vacib sayılır.

Türkan İsgəndərli

TodayPress TV

tag: İt,Sağlamlıq,Heyvan,Yaz,Todaypress.tv,