Yağış suyu isti havalarla mübarizə apara bilər
İsti havalarda binaların damlarına yağış suyu püskürtmək kondisionerlərə olan ehtiyacı azalda və şəhərlərdə temperaturu aşağı sala bilər.
TodayPress TV xəbər verir ki, bu nəticəyə Mançester Universitetinin alimləri gəlib.
"Earth's Future" jurnalında dərc olunan araşdırmada alimlər damlardan toplanan yağış suyunun çənlərdə saxlanılıb, hava çox isti olanda yenidən damlara püskürdüldüyü sistemi modelləşdiriblər. Nümunə olaraq Tokio şəhəri seçilib.
Araşdırmaya görə, su damları soyudur, nəticədə binalar daha az qızır və kondisionerlər daha az işləyir. Bu isə şəhərə yayılan əlavə istiliyi azaldaraq ümumi hava temperaturunun aşağı düşməsinə kömək edir. Alimlər bildirirlər ki, bunun sayəsində həm həddindən artıq isti günlərin sayı, həm də onların təsiri azala bilər.
Tədqiqat göstərib ki, sistemdə əsas amil çənlərin böyüklüyü və ya istifadə olunan suyun miqdarı deyil, suyun doğru vaxtda damlara püskürdülməsidir. Həddindən artıq su istifadə etmək isə hər zaman daha yaxşı nəticə vermir.
Mütəxəssislərin fikrincə, bu texnologiya xüsusilə isti illərdə daha səmərəli işləyir. Bundan əlavə, güclü yağışlar zamanı küçələrə axan yağış sularının miqdarını da azaltmağa kömək edə bilər.
Türkan İsgəndərli