Uşaqlar sağlam qidaları niyə sevmirlər?

Maraqlı

27.11.2025 19:00

Uşaqların zeytun, brokkoli, sarımsaq kimi məhsulları sevməməsi valideynlər arasında geniş yayılmış narahatlıqdır. Alimlər isə bildirirlər ki, bu hal tamamilə normal və təbii prosesdir.

TodayPress TV xəbər verir ki, uşaqlarda dad reseptorları böyüklərə nisbətən daha həssas olur.

Xüsusilə acı dadlar onların beynində avtomatik olaraq təhlükə siqnalı kimi qəbul edilir. Bu, bioloji müdafiə mexanizmidir, çünki təbiətdə acı dadlar çox vaxt toksik və ya zəhərli maddələrlə əlaqələndirilir. Buna görə də zeytun, kərəviz, brokkoli kimi bir qədər acılıq və kəskinlik daşıyan qidalar uşaqlarda ilkin mərhələdə rədd reaksiyası yarada bilər.

Araşdırmalar göstərir ki, dad vərdişlərinin təməli artıq ana bətnində formalaşmağa başlayır. Yaş artdıqca uşaqlarda dad reseptorlarının həssaslığı azalır və qida seçimləri tədricən genişlənir. Uşaqlar müəyyən dadlarla dəfələrlə qarşılaşdıqca və böyüklərin davranışını təqlid etdikcə əvvəl xoşlamadıqları qidaları daha asan qəbul etməyə başlayırlar.

Mütəxəssislər vurğulayırlar ki, uşağın hər hansı qidaya qarşı ikrah hissi valideynlər üçün narahatlıq doğurmamalıdır. Bu, inkişafın normal mərhələsidir və zaman keçdikcə həmin qidalar böyüklük dövründə sevimli seçimlərə çevrilə bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Zeytun,Uşaq,Qida,Fayda,Todaypress.tv,