Trampın "McDonald’s" menyusu ŞOK ETDİ: Bir oturuşda 3 burger!

Maraqlı

15.01.2026 10:11

ABŞ Prezidenti Donald Trampın “fast-food”u, xüsusilə “McDonald’s”ı sevdiyi uzun illərdir məlumdur. Lakin onun sağlamlığı ilə bağlı yeni yayımlanan materialda yer alan bir detal bu mövzunu yenidən gündəmə gətirib və ictimaiyyətdə maraq doğurub.

TodayPress TV xəbər verir ki, yanvarın 1-də “The Wall Street Journal” “Yaşlanma əlamətləri üzə çıxarkən, Tramp buna meydan oxuma ilə cavab verir” başlıqlı geniş yazı dərc edib. 

Məqalədə ABŞ Prezidenti Donald Tramp öz səhhətini “mükəmməl” adlandırır, iclaslar zamanı yuxulaması ilə bağlı yayılan fotoları təkzib edir və əllərində tez-tez görünən göyərmələri həkimlərin tövsiyə etdiyindən daha yüksək dozada gündəlik aspirin qəbul etməsi ilə izah edir.

Yazının son hissəsində Prezidentin qida rasionuna toxunularaq qeyd olunur ki, Tramp yaşının artmasına baxmayaraq, yemək vərdişlərini dəyişmədiyini bildirib. Qəzet Respublikaçı Milli Komitənin sədri Co Qrutersin 2025-ci ilin oktyabrında verdiyi podkast müsahibəsinə istinad edir. Həmin müsahibədə Qruters 2024-cü il seçki kampaniyası zamanı Trampı müşayiət edərkən onun yediyi yeməklərin miqdarından heyrətləndiyini deyib.


Qrutersin sözlərinə görə, Tramp üçün “McDonald’s”dan əvvəlcədən isti kartof fri gətirilirdi. Ardınca isə o, “Filet-O-Fish”, “Quarter Pounder” və “Big Mac” sifariş edirdi. Respublikaçı Milli Komitənin sədri əlavə edib ki, Prezident hətta bu sendviçlərdən ikisini birləşdirərək yediyini düşündüyünü də gizlətməyib.


Bu yüksək kalorili menyu Trampın fast-food sevgisi ilə bağlı daha əvvəl yayılan məlumatlarla da uyğunluq təşkil edir. Onun keçmiş köməkçiləri David Bossi və Kori Levandovski tərəfindən 2017-ci ildə yazılmış “Let Trump Be Trump” kitabında Trampın “iki Big Mac, iki Filet-O-Fish və bir şokoladlı kokteyl” sifariş etdiyi qeyd olunur. Müəlliflər bildirirlər ki, “Trump Force One” təyyarəsində dörd əsas “ərzaq qrupu” var idi: “McDonald’s”, “Kentucky Fried Chicken”, pizza və “Diet Coke”.


Trampın bu seçiminin səbəblərindən biri də onun mikrob qorxusu ilə əlaqələndirilir. O, 2016-cı ilin fevralında CNN kanalında jurnalist Anderson Kuperlə keçirilən görüşdə bildirmişdi ki, iri fast-food şəbəkələrinin sabit və standartlaşdırılmış qida sistemi ona daha etibarlı görünür: 

“Mən təmizliyə çox önəm verən biriyəm. Haradan gəldiyini bilmədiyin yeməkdənsə, müəyyən standartları olan yerdə yemək daha yaxşıdır. Üstəlik, yeməyi də xoşlayıram.”

ABŞ Prezidenti Donald Tramp 2024-cü il seçkiləri ərəfəsində bu sevgisini kampaniya tədbirlərində də nümayiş etdirib. O, Pensilvaniya ştatının Feasterville-Trevose şəhərində yerləşən bir “McDonald’s” restoranında “drive-thru” xəttində işləyib, müştərilərə sifariş verib və kartof fri hazırlayıb. Daha sonra 2025-ci ilin noyabrında Vaşinqtonda keçirilən “McDonald’s Impact Summit” tədbirində bu təcrübəni “asan olmayan, amma maraqlı” kimi qiymətləndirib.


Tramp bildirib ki, həmin dayanacaq zamanı onu görmək üçün “25 mindən çox insan” növbəyə dayanıb və bu, seçkilərin son həftələrində ona ciddi motivasiya verib: “Maşınla yaxınlaşırdılar, baxırdılar və reaksiya inanılmaz idi. Elə bil qalib gələcəyimi o an hiss etdim”.


Qiymət Mahir

tag: ABŞ,Donald Tramp,McDonald’s,Qida,Todaypress.tv,