Tədqiqat: Yerin formasını insanlar dəyişir
Maraqlı
19.11.2025 19:45
Koreyalı alimlərin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu müəyyən edib ki, yeraltı su ehtiyatlarının həddindən artıq pompalanması Yer oxunun mövqeyinə təsir göstərə bilər.
TodayPress TV xəbər verir ki, araşdırma "Geophysical Research Letters" (GRL) jurnalında dərc olunub.
Tədqiqatçılar hesablayıblar ki, 1993-2010-cu illər arasında Yerdən təxminən 2150 giqaton su çıxarılıb və bunun böyük hissəsi sonradan okeanlara axıb. Bu dəyişiklik dəniz səviyyəsinin təxminən 6 millimetr qalxmasına və Yer oxunun 86,5 santimetrədək yerdəyişməsinə səbəb ola bilər.
Alimlər bu mexanizmi bucaq impulsunun qorunması ilə izah edirlər: planetdə kütlənin yenidən bölüşdürülməsi onun fırlanma dinamikasına təsir göstərir. Əvvəllər əsas səbəb kimi buzlaqların əriməsi göstərilirdisə, indi yeraltı suyun hərəkəti də nəzərə alınır.
Yerin nəhəng ölçüləri fonunda belə dəyişikliklərin təsiri çox kiçik ola bilər. Həmçinin vurğulanır ki, çıxarılan su təbii dövriyyə yolu ilə yenidən ekosistemə qayıdır və planetin mövqeyinə əsas təsir edən amillər nüvə və mantiyada baş verən proseslərdir.
Türkan İsgəndərli
tag: Yer,Su,İnsan,Forma,Todaypress.tv,
