Süd Yolu qalaktikası harada yerləşir?

Maraqlı

13.03.2026 19:30

Astronomlar hesab edir ki, Süd Yolu qalaktikası kosmosda təkbaşına hərəkət etmir, əksinə nəhəng bir qaranlıq maddə təbəqəsinin içində yerləşir.

TodayPress TV xəbər verir ki, tədqiqat Qroningen Universitetinin astronomu Evoud Vempe rəhbərliyində aparılıb.

Yeni araşdırmaya görə, qalaktikamız görünməyən, lakin güclü cazibə qüvvəsinə malik böyük bir strukturun parçasıdır.

Alimlərin fikrincə, bu model elm adamlarının uzun müddətdir izah edə bilmədiyi bir neçə kosmik sualı eyni vaxtda cavablandıra bilər.

Araşdırma üç əsas müşahidəni izah edir:

Süd Yolu və Andromeda qalaktikası daxil olmaqla yaxın qalaktikaların demək olar ki, düz xətt üzrə düzülməsi,

qalaktikamızın yaxınlığında gözləniləndən çox az maddə olan böyük kosmik boşluğun mövcudluğu,

kainatın bizim ətrafımızda gözlənilməz dərəcədə nizamlı və hamar şəkildə genişlənməsi.

Alimlər 31 təcrid olunmuş qalaktikanın hərəkətini kompüter simulyasiyaları ilə təhlil ediblər. Nəticələr göstərib ki, ətrafdakı kütlə nizamlı bir təbəqə kimi paylanıb. Bu təbəqə qaranlıq maddədən ibarətdir və onun cazibə qüvvəsi qalaktikaların hərəkət istiqamətinə təsir edir.

Tədqiqatçılar bildirirlər ki, bu ssenari təsdiqlənərsə, kainatı izah etmək üçün yeni fizika qanunlarına ehtiyac olmayacaq. Bu nəticə mövcud kosmoloji modellərin qaranlıq maddənin yaratdığı “kosmik şəbəkə”nin yerli miqyasda da düzgün işlədiyini göstərə bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Süd Yolu,Qalaktika,Kainat,Kosmos,Todaypress.tv,