Sivilizasiyaların ömrü hesablandı
Maraqlı
03.03.2026 19:45
İranın Şərif Texnologiya Universitetinin alimləri Söhrab Rəhvar və Şahin Ruhani kainatda yadplanetli həyatın niyə aşkar edilmədiyi ilə bağlı yeni izah irəli sürüblər.
TodayPress TV xəbər verir ki, onların araşdırmasının ilkin versiyası "arXiv" portalında dərc olunub.
Tədqiqatçılar məşhur Fermi paradoksuna fərqli prizmadan yanaşıblar. Onlar “Niyə heç kimi tapmadıq?” sualını vermək əvəzinə, qalaktikadakı sükutun özünün nə ifadə etdiyini araşdırıblar.
Alimlər hesab edirlər ki, Süd Yolunda Yerə bənzər çoxlu planetlər mövcuddur və nəzəri olaraq ağıllı həyat dəfələrlə yaranmalı idi. Lakin indiyədək nə radio siqnalları, nə avtomatlaşdırılmış zondlar, nə də genişmiqyaslı mühəndislik layihələrinin izləri aşkarlanıb.
Müəlliflər Dreyk tənliyinə əsaslanaraq elektromaqnit rabitəsi ilə bağlı məhdudiyyət tətbiq ediblər. Onların qənaətinə görə, əgər son 100 min il ərzində qalaktikada siqnal ötürən texnoloji sivilizasiya mövcud olsaydı, radio teleskoplar bunu qeydə ala bilərdi.
Sükutun davam etməsi isə belə nəticəyə gəlməyə əsas verir ki, əgər ağıllı həyat geniş yayılıbsa, texnoloji sivilizasiyaların ömrü qısa ola bilər. Hesablamalara görə, onların orta mövcudluq müddəti 5000 ildən çox deyil.
Tədqiqatçılar mümkün təhlükələr sırasında asteroid toqquşmaları, supervulkanlar, iqlim dəyişikliyi, pandemiyalar, nüvə müharibəsi, nəzarətsiz süni intellekt və riskli biotexnologiyaları qeyd edirlər.
Bununla belə, alimlər vurğulayırlar ki, 5000 il konkret proqnoz deyil, yalnız riyazi yuxarı hədddir. Onların fikrincə, sivilizasiyalar ünsiyyətdən çəkinə, insanlıq birincilərdən ola və ya kosmik məsafələr əlaqəni çətinləşdirə bilər.
Araşdırma bəşəriyyətin gələcəyi ilə bağlı yeni suallar doğurur. Əgər qalaktikada ağıllı varlıqlar olubsa, onların çoxu bir-birinə çatmağa vaxt tapmamış yox ola bilər.
Türkan İsgəndərli
tag: İran,Qalaktika,Sivilizasiya,Vulkan,Todaypress.tv,
