Siçanların düşüncələri üz ifadələrindən oxundu
Maraqlı
30.09.2025 18:45
Portuqaliyalı alimlər süni intellektin köməyi ilə siçanların məkan tapşırıqlarını yerinə yetirərkən hansı strategiyalardan istifadə etdiklərini real vaxt rejimində müəyyən etməyə nail olublar.
TodayPress TV xəbər verir ki, bu barədə "Nature Neuroscience" jurnalında dərc olunub.
Tədqiqatçılar siçanların beyin fəaliyyətini izləməklə yanaşı, onların üz əzələlərinin hərəkətlərini də kompüterə qoşulmuş videokameralar vasitəsilə qeydə alıblar. Süni intellekt alqoritmləri bu görüntüləri analiz edərək siçanların hansı düşüncə strategiyasından istifadə etdiyini müəyyən edə bilib.
Tədqiqatda iştirak edən 17 siçanın üz ifadələri qeydə alınıb və onların hərəkətləri sinir fəaliyyətinin göstəriciləri ilə müqayisə olunub. Nəticələr göstərib ki, siçanların üz əzələlərinin hərəkətləri onların beyin fəaliyyətini demək olar ki, eyni dərəcədə dəqiq əks etdirə bilir.
Alimlər üçün ən maraqlı kəşflərdən biri də odur ki, müxtəlif siçanlar eyni strategiyaları seçdikdə üz ifadələri də oxşar olurdu. Bu da düşüncələrin və strategiyaların üz ifadələri vasitəsilə əks olunmasının müəyyən qədər "stereotipik" ola biləcəyini göstərir.
Mütəxəssislər bildirirlər ki, gələcəkdə bu metod insanlarda da düşüncə və niyyətləri oxumaq üçün istifadə oluna bilər. Lakin bu, həmçinin etik və məxfiliklə bağlı ciddi müzakirələrə səbəb ola bilər, çünki adi video müşahidə artıq sadəcə davranışı izləmək deyil, birbaşa beyin fəaliyyətinə daxil olmaq vasitəsinə çevrilə bilər.
Türkan İsgəndərli
tag: Siçan,Üz,Mütəxəssis,Düşüncə,Todaypress.tv,
