Sevgililər Günündə gül seçimi
Maraqlı
13.02.2026 20:10
Sevgililər Günündə sellofana bükülmüş gül hədiyyəsi ən çox müzakirə olunan jestlərdən biridir.
TodayPress TV xəbər verir ki, mütəxəssislərin fikrincə, belə təqdimat bəzi hallarda diqqət və qayğıdan çox formal yanaşma təsiri yarada bilər.
Bununla belə, bəzi güllər tək halda və düzgün qablaşdırma ilə estetik görünüşünü qoruyur. Xüsusilə fransız, ekvador və pion tipli güllər sadə formada da zərif təsir bağışlaya bilər. Əgər belə bir gül yaşıllıqla tamamlanarsa və stilizə olunmuş qablaşdırmada təqdim edilərsə, romantik hədiyyə üçün uyğun seçim sayılır. Bu variant daha çox minimalizmi və sadəliyi sevənlərə tövsiyə olunur.
Mütəxəssislər rəng balansının vacibliyini də vurğulayırlar. Buketin həddindən artıq parlaq rənglərlə tərtib edilməsi məsləhət görülmür. Mavi, bənövşəyi və parlaq sarı tonlar bayramın ruhuna hər zaman uyğun hesab edilmir. Ən populyar və uğurlu seçimlər isə ağ, çəhrayı, şampan, qırmızı və onların yarı tonlarıdır. Bu rənglər Sevgililər Gününün romantik ab-havasını daha yaxşı ifadə edir.
Qablaşdırma seçimi də xüsusi əhəmiyyət daşıyır. O, güllərlə harmoniyada olmalı və diqqəti tamamilə öz üzərinə çəkməməlidir. Universal seçim kimi mat sellofan göstərilir. Ağ, çəhrayı və yaşıl tonlarda variantlar kompozisiyanı daha zərif göstərə bilər.
Türkan İsgəndərli
tag: Gül,Sevgili,Hədiyyə,Buket,Todaypress.tv,
