Qədim Mars çayları Yerdəkindən fərqli formalaşır
Maraqlı
12.01.2026 19:45
Kolorado Universitetinin alimləri Marsda mövcud olmuş 16 qədim çay sisteminin Yerdəki çaylardan fərqli mexanizmlə yarandığını aşkar ediblər.
TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri “Astronomy” jurnalında dərc olunub.
Yer üzündə çayların formalaşmasında əsas rol tektonik lövhələrin hərəkətinə məxsusdur. Marsda isə belə tektonik proseslər olmayıb. Buna baxmayaraq, planetdə axar suyun yaratdığı böyük vadilər və kanyonlar mövcuddur.
Alimlərin fikrincə, bu çaylar təxminən 3,7 milyard il əvvəl yaranıb və ümumilikdə 100 min kvadrat kilometrdən çox ərazini əhatə edib. Onların əmələ gəlməsində əsas rolu zərbə kraterləri oynayıb. Yaş dövrdə kraterlər su ilə dolub, su səviyyəsi artdıqca isə daşaraq kanyonlar yaradıb və ayrı-ayrı gölləri uzun çay zəncirlərinə birləşdirib.
Hesablamalara görə, bu 16 çay sistemi Marsdakı qədim çay çöküntülərinin təxminən 42 faizinin formalaşmasında iştirak edib. Məlum daşma kanyonlarının yarıya yaxını da məhz bu ərazilərdə yerləşir.
Tədqiqatçılar bildirirlər ki, bu çaylar təkcə Marsın relyefini formalaşdırmayıb, eyni zamanda mümkün həyat üçün də əlverişli şərait yaradıb. Əgər Marsda vaxtilə mikrob həyatı mövcud olubsa, onun izləri bu qədim çay çöküntülərində qorunub qala bilər.
Türkan İsgəndərli
tag: Çay,Mars,Su,Planet,Todaypress.tv,
