Qadınların kişi zövqü yaşa görə dəyişə bilər

Maraqlı

16.02.2026 03:43

Polşalı alimlərin apardığı yeni araşdırma qadınların yaşı və reproduktiv statusunun hansı kişi xüsusiyyətlərini cəlbedici hesab etmələrinə təsir göstərə biləcəyini göstərib.

TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "Adaptive Human Behavior and Physiology" jurnalında dərc olunub.

Araşdırmada 19-70 yaş arası 122 qadın iştirak edib və onlar premenopauza, perimenopauza və postmenopauza mərhələlərinə görə üç qrupa bölünüb. İştirakçılara görünüşü rəqəmsal şəkildə dəyişdirilmiş eyni kişinin şəkilləri təqdim olunaraq üz cizgiləri, saqqalın mövcudluğu, bədən forması və əzələ quruluşu baxımından cəlbedicilik qiymətləndirilməsi aparılıb.

Nəticələr göstərib ki, postmenopozal qadınlar geniş çiyinli və dar ombalı V formalı bədən quruluşunu reproduktiv yaşda olan qadınlarla müqayisədə daha az cəlbedici hesab edirlər. Tədqiqat müəllifləri bunu reproduktiv dövr başa çatdıqdan sonra fiziki gücü simvolizə edən xüsusiyyətlərin əhəmiyyətinin azalması ilə əlaqələndirirlər.

Eyni zamanda yaş artdıqca saqqallı kişilərə üstünlük də yüksəlib. Alimlərin fikrincə, üz tükləri daha çox yetkinlik və sosial status göstəricisi kimi qəbul oluna bilər.

Araşdırma həmçinin göstərib ki, postmenopozal qadınlar orta əzələ quruluşuna malik kişiləri daha aqressiv kimi qiymətləndirməyə meyllidirlər. Bununla yanaşı, sosial dominantlıq barədə təsəvvürlərin əsasən yaş və reproduktiv statusdan asılı olmadığı müəyyən edilib.

Mütəxəssislər qeyd edirlər ki, nəticələr insan davranışında bioloji və psixoloji amillərin qarşılıqlı təsirini daha yaxşı anlamağa kömək edə bilər.

Türkan İsgəndərli

tag: Qadın,Kişi,Bədən,Zövq,Todaypress.tv,