NASA Ay üçün nüvə reaktoru hazırlayır
Maraqlı
15.01.2026 18:45
NASA və ABŞ Energetika Nazirliyi Ay səthində yerləşdiriləcək nüvə parçalanma reaktorunun hazırlanması üzrə birgə planlarını rəsmən təsdiqləyiblər.
TodayPress TV xəbər verir ki, bu barədə "ScienceAlertin" məlumat yayıb.
Məlumata görə, qurğunun hazırlanması və Yer üzərində sınaqlarının 2030-cu ilə qədər başa çatdırılması nəzərdə tutulur.
Layihə "Fission Surface Power" adlanır və gələcək Ay missiyalarını uzunmüddətli, stabil elektrik enerjisi ilə təmin etməyi hədəfləyir. Günəş panellərindən fərqli olaraq, nüvə reaktoru Ay gecəsi zamanı və çətin şəraitdə də fasiləsiz işləyə biləcək.
Ay üçün nüvə reaktorunun hazırlanması ciddi texniki çətinliklər yaradır. Ayda atmosfer olmadığı üçün ənənəvi soyutma sistemlərindən istifadə mümkün deyil. Buna görə alimlər istiliyin yayılması üçün maye metallar və ya bərk materiallar üzərindən ötürülmə kimi alternativ üsulları araşdırırlar.
Digər problem Ay tozudur. Bu toz aşındırıcıdır, elektrik yüklənməsi yaradır və avadanlıqlara yapışaraq onların işinə mane ola bilər. Bundan əlavə, reaktor astronavtların təhlükəsizliyi üçün güclü radiasiya qoruyucusu ilə təchiz edilməlidir.
Planlara əsasən, qurğu ən azı 40 kilovatt elektrik enerjisi istehsal etməlidir. Bu güc təxminən 30 evi 10 il ərzində fasiləsiz elektriklə təmin etməyə bərabərdir.
NASA vurğulayır ki, Ayda nüvə reaktoru ideyası yaxın gələcək üçün deyil, uzunmüddətli perspektivdə Ayda daimi insan mövcudluğunu təmin edəcək infrastrukturun bir hissəsi kimi nəzərdə tutulur.
Türkan İsgəndərli
tag: NASA,ABŞ,AY,Nüvə reaktoru,Todaypress.tv,
