Misirdə qədim Roma qəbiristanlığı tapıldı

Maraqlı

01.01.2026 19:45

Arxeoloqlar Misirin Kom-əl-Ahmar və Kom-Vasit bölgələrində qədim Roma dövrünə aid qəbiristanlıq və sənaye kompleksi aşkar ediblər. 

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Turizm və Qədim Əşyalar Nazirliyi məlumat yayıb.

Məlumata görə, tapıntılar son dövrə və Ptolemey sülaləsinin erkən mərhələlərinə aiddir. Qazıntılar zamanı bir neçə otaqdan ibarət böyük sənaye binası üzə çıxarılıb. Otaqlardan ikisi balıq emalı üçün istifadə olunub, digərlərində isə metal və daş alətlər, saxsı amuletlər və heykəlciklər hazırlanıb.

Tapıntılar arasında eramızdan əvvəl V əsrə aid yarımçıq əhəngdaşı heykəlləri və yunan saxsı qabları da var.

Bundan əlavə, müxtəlif dəfn üsulları ilə hazırlanmış Roma məzarları aşkarlanıb. Ölülər torpaqda, gil tabutlarda və böyük amforaların içərisində dəfn olunub. Amforalarda uşaqların basdırıldığı da müəyyən edilib.

Paduya Universitetinin alimləri 23 nəfərə aid insan qalıqları üzərində bioloji analizlər apararaq onların yaşı, cinsi və həyat tərzini araşdırırlar.

Bütün tapıntılar əlavə tədqiqat və restavrasiya üçün Qahirədəki Misir Muzeyinə təhvil verilib.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Misir,Qəbiristanlıq,Sənaye kompleksi,Tapıntı,Todaypress.tv,